Situational Awareness hedc fondu süni intellektə yatırımları nəticəsində bir rübdə 65% itirib
· 1 mənbə
Leopold Aşenbrennerin Situational Awareness hedc fondu böyük borc yükünə malik süni intellekt şirkətlərinə irihəcmli investisiyaları səbəbindən üçüncü rübdə komissiyalar çıxıldıqdan sonra 65% zərər edib. Bu barədə fondun investorlara ünvanladığı məktubla tanış olan The Wall Street Journal yazır.
İlin ilk doqquz ayında isə fondun gəlirliliyi müsbət olaraq qalıb və komissiyalar çıxıldıqdan sonra 88,5% təşkil edib. Bununla belə, bu göstəricilər oktyabrda süni intellekt şirkətlərinin səhmlərinin kütləvi satışını əhatə etmir.
Uoll-stritdə “süni intellektin Nostradamusu” adlandırılan Aşenbrenner məktubunda iyul böhranından dərs çıxardığını bildirib. O, bazardakı dəyişkənliyə dözməyə hazır olduğunu, lakin uğursuz investisiyaların fondun iflasına səbəb ola biləcəyi vəziyyətin təkrarlanmasına imkan verməyəcəyini qeyd edib.
Yayda qlobal bazarlarda süni intellekt ətrafında yaranan qısamüddətli təşviş və səhmlərin kütləvi satışı Situational Awareness-i iflas həddinə çatdırmışdı. Banklar fonddan borc vəsaitləri hesabına açılmış mövqelər üzrə əlavə təminat tələb etmişdilər (marjin-koll). Bu tələbləri yerinə yetirmək üçün Aşenbrenner portfelinin əhəmiyyətli hissəsini Ken Qriffinin Citadel fonduna satmağa məcbur olmuşdu. Citadel qiymətli kağızları bazar qiymətindən 10%-dən çox endirimlə əldə etmişdi.
Bununla belə, fondun rəhbəri nikbinliyini qoruyur. Onun sözlərinə görə, hazırda fond yarandığı gündən bəri ən yüksək gəlirlilik potensialına malik investisiya imkanları ilə qarşılaşıb.
Əvvəllər Situational Awareness-in ən böyük vençur investisiyası olan Anthropic-in IPO-sundan sonra fondun portfelinin təxminən 70%-ni birjada ticarət olunan səhmlər, 30%-ni isə özəl şirkətlərə yatırımlar təşkil edir. Fond Claude-un tərtibatçısı Anthropic-dəki payını azaltmağı istisna etmir, bununla belə, şirkətin səhmlərini IPO qiyməti səviyyəsində də cəlbedici hesab edir.
Mənbə: Banker.az · 26.11.2026, 18:43 · orijinal məqalə