Suvarma kanallarının təmizlənməsi zamanı yaşıllığın götürülməsi üçün icazə tələb olunmur

· 1 mənbə

Suvarma və kollektor-drenaj şəbəkələrinin təmizlənməsi, təmiri, bərpası və yenidən qurulması zamanı onların məcrasında, berma və dambasında bitən yaşıllığın götürülməsi üçün ayrıca icazə və yaşıllığın götürülməsi vərəqi tələb olunmur.

Regional Su Meliorasiya QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin Publika.az-a məlumatına görə, suvarma kanallarının və arxların lildən, kol-kosdan, alaq otlarından və digər su bitkilərindən təmizlənməsi suyun ötürülmə qabiliyyətinin zəifləməsinin qarşısını alır, suvarma suyunun əkin sahələrinə vaxtında və lazımi həcmdə çatdırılmasını təmin edir.

Bildirilib ki, Prezidentin 2007-ci il 23 noyabr tarixli 664 nömrəli Fərmanının icrası ilə bağlı Nazirlər Kabinetinin 2008-ci il 8 may tarixli 112 nömrəli Qərarı ilə təsdiq edilmiş "Meliorasiya və irriqasiya sistemlərinin istismarı və qoruyucu meşə əkinlərinin saxlanması Qaydaları"nın 1.6.6-cı bəndində sistemlərin vaxtaşırı təmiri, lildən, alaq otlarından, kol-kosdan və digər su bitkilərindən təmizlənməsi birbaşa istismar tədbiri kimi müəyyən edilib. Eyni zamanda, Su Məcəlləsinin 82-ci maddəsi su obyektlərinin qorunması məqsədilə su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının müəyyən olunmasını və xüsusi mühafizə rejiminin tətbiqini nəzərdə tutur.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2024-cü il 21 may tarixli 68 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahıda suvarma və kollektor-drenaj şəbəkələrinin təmizlənməsi, təmiri, bərpası və yenidən qurulması zamanı müvafiq sahələrdə bitən yaşıllığın götürülməsi üçün ayrıca icazənin tələb edilmədiyi təsbit olunub. Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli Sərəncamından sonra hökumətin 2024-cü il 5 sentyabr tarixli 397 nömrəli Qərarı ilə "Yaşıllıqların götürülməsi Qaydası"na edilən dəyişikliyə əsasən, həmin işlər üçün yaşıllığın götürülməsi vərəqi tələb olunmur. Bu tədbirlər müəyyən edilmiş ərazilər, hüquqi rejim və ekoloji tələblər daxilində aparılmalıdır.

Mənbə: Publika.az · 25.11.2026, 17:56 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu