Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub

· 2 mənbə

Azərbaycanın Baş nazirinin müavini Teymur Musayev işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə əməliyyatları və Agentliyin təlim potensialı ilə tanışlıq məqsədilə Ağdam və Göygöl rayonlarına səfər edib.

Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Səfər çərçivəsində Baş nazirin müavinini ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov müşayiət edib.

Bildirilib ki, Ağdam rayonunun Nəmirli kəndi ərazisində icra edilən minatəmizləmə əməliyyatları ilə tanışlıq zamanı Vüqar Süleymanov Baş nazirin müavininə əməliyyatların təşkili və icra prosesi, əldə olunan nəticələr və qarşıya çıxan çətinliklər barədə ətraflı məlumat verib.

Həmçinin mina və digər partlayıcı sursatlarla çirklənmiş ərazilərin təmizlənməsində tətbiq olunan üsullar, istifadə edilən texniki vasitələr, əməliyyatların səmərəliliyinin artırılması istiqamətində görülən tədbirlər və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilən çəpərləmə işlərinin mövcud vəziyyəti barədə məlumat təqdim edilib.

Səfər çərçivəsində T. Musayev ANAMA-nın Ağdam mobil bazasının maddi-texniki imkanları, infrastrukturu, əməliyyatların idarə olunması və koordinasiyası üçün yaradılmış şəraitlə tanış olub.

Daha sonra Göygöl rayonuna səfər edən Baş nazirin müavini ANAMA-nın Göygöl Təlim Mərkəzinin fəaliyyəti və mövcud şəraiti ilə tanış olub. Mərkəzin tədris infrastrukturu, təlimlərin təşkili üçün yaradılmış şərait, istifadə olunan tədris avadanlıqları və praktiki məşğələlərin keçirildiyi sahələr barədə ətraflı məlumat təqdim edilib. Həmçinin minatəmizləmə sahəsində mütəxəssislərin hazırlanması, əməliyyat heyətinin bilik və bacarıqlarının artırılması, beynəlxalq standartlara uyğun təlim prosesinin təşkili istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə mina və digər partlayıcı sursat təhlükəsinin aradan qaldırılması əhalinin təhlükəsizliyinin təmin edilməsi, infrastruktur layihələrinin icrası, sosial-iqtisadi fəaliyyətin bərpası və Böyük Qayıdış prosesinin davamlı şəkildə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Səfər çərçivəsində aparılan tanışlıq humanitar minatəmizləmə fəaliyyətinin mövcud vəziyyətinin, bu sahədə əldə olunan nəticələrin və qarşıda duran prioritet vəzifələrin yerində qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edib.

Qalereya

Mənbə: Baku.ws · 27.11.2026, 19:31 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu