Ukrayna XİN rəhbəri sanksiya tətbiq edilmiş rusiyalıya AEBA-da vəzifə verilməsini sərt tənqid edib
· 1 mənbə
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiya rəsmisi Aleksey Ferapontovun Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Baş direktorunun müavini vəzifəsinə təyin edilməsini kəskin tənqid edib.
APA xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Ukraynanın sanksiyalarına məruz qalan Rusiya rəsmisinin AEBA-nın Baş direktorunun müavini vəzifəsinə təyin edilməsi absurddur. Bu şəxs Avropanın ən böyük atom elektrik stansiyasının – Zaporojye AES-in hərbi yolla ələ keçirilməsini qanuniləşdirmək cəhdlərində birbaşa iştirak edib”, – Sibiqa bildirib.
O qeyd edib ki, nüvə təhlükəsizliyi sahəsində ən ağır cinayətlərdən birində və ən böyük oğurluqlardan birində iştirak etmiş şəxs indi agentliyin rəhbərliyində təmsil olunacaq.
“Belə zəiflik və dəyərlərin olmaması böhran dövründə dünyanın ehtiyac duyduğu yanaşma deyil. BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması üçün prinsipial rəhbərlik vacibdir”, – nazir vurğulayıb.
Sibiqa əlavə edib ki, Ukrayna diplomatlarına rəsmi demarş və etiraz notası vasitəsilə Kiyevin mövqeyini çatdırmaq barədə göstəriş verib.
Qeyd edək ki, Aleksey Ferapontov Rusiyanın Ətraf Mühit, Texnoloji və Atom Nəzarəti üzrə Federal Xidmətinin (Rostexnadzor) direktor müavinidir. Ukrayna 2023-cü ildə onun barəsində fərdi sanksiyalar tətbiq edib. Kiyev Ferapontovu Rusiyanın Zaporojye AES üzərində nəzarətini qanuniləşdirmək cəhdlərində iştirak etməkdə ittiham edir.
AEBA-nın Baş direktoru Rafael Qrossi Ferapontovun agentliyin baş direktorunun müavini və Nüvə Enerjisi Departamentinin rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib. Onun 2027-ci ilin əvvəlində Vyanada işə başlaması gözlənilir.
Mənbə: APA · 24.11.2026, 15:50 · orijinal məqalə