Zahid Oruc: Ermənistanda yeni Konstitusiya layihəsinin əleyhdarları Qarabağdan əlləri çıxanlardır

· 1 mənbə

Ermənistanda yeni Konstitusiya layihəsinin əleyhdarları işğal dövründə vəziyyətdən yararlananlar və Qarabağdan əlləri çıxanlardır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin payız sessiyasının bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Ermənistandakı revanşist qüvvələr layihənin xalqın müzakirəsinə və səsverməsinə çıxarılmasına mane olurlar:

"Halbuki ərazi iddiasından əl çəkmək başqa dövlətin Konstitusiyasının qəbulu kimi dəyərləndirilə bilməz. Ermənistanın gələcəyi artıq tarixdə olduğu kimi imperiya mərkəzlərində müəyyənləşmir. Yeni Konstitusiya layihəsi ilə eyni vaxtda ABŞ Prezidenti Donald Tramp tarixi TRİPP layihəsinin icrasının rəsmən başlandığını bəyan etdi. Bir vaxtlar Qarabağ münaqişəsi Cənubi Qafqazı hərbi qarşıdurmada və blokadada saxladığı halda, indi region böyük açılıma hazırlaşır".

Komitə sədri xatırladıb ki, 35 il əvvəl Ermənistanda mütləq əksəriyyət Azərbaycan ərazilərinin qəsb olunmasını tələb edirdi:

"İndi isə ölkəmiz əsas hissəsi ilə Naxçıvanı quru yolla bütövləşdirməyə doğru gedir. Erməni cəmiyyətinin dinc qonuşuluğu, yoxsa əbədi məhv olma məfkurəsi olan torpaq iddialarını seçəcəyi onların taleyini müəyyənləşdirəcək. Lakin referendumun nəticələri xarici dövlətlərin yox, sadə vətəndaşların iradəsindən asılı olmalıdır.

Regionda barış hər iki dövlətin üzərinə böyük məsuliyyət qoyur. 1988-ci ildə meydanlarda səslənən ərazi iddialarının üzərindən birdəfəlik xətt çəkilməlidir. Sülh Konstitusiyasının qəbulu yeganə yoldur. Azərbaycan xalqı Konstitsusiyasını 44 müqəddəs gündə yenidən təsdiqlədi. İndi Ermənistan da 2027-ci ildə sülhü öz Ana Qanununa yazmalıdır".

YENİLƏNİR

Mənbə: Report · 24.11.2026, 11:20 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu