Azərbaycanda kişiyə hamilə diaqnozu qoyuldu — RƏSMİ AÇIQLAMA — FOTO

Dünən sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb.

BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB rəsmi açıqlama yayıb.

Araşdırma nəticəsində məlum olub ki, 23.11.2020-ci il tarixində Xaçmaz şəhər sakini İlkin Əzməmmədova təqdim olunan sənəddə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının kargüzarı Səmra Hacıyeva tərəfindən mexaniki səhvə yol verilib.

Belə ki, Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompüterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub.

Sənəd çap edildikdən sonra səhv elə yerindəcə aşkarlanıb və düzəliş olunaraq vətəndaşa düzgün variantda arayış təqdim olunub.

Kargüzar arayışı yenidən tərtib edən zaman vətəndaş masanın üzərindəki ilkin çap olunmuş arayışın fotosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Məsələ ilə bağlı İlkin Əzməmmədovla da əlaqə saxlanılıb. O, paylaşımı zarafatla etdiyini və daha sonra sildiyini bildirib.