18 yaşdan sonra aliment kəsilməsin – Yeni təklif

· 2 mənbə

Bakı. Trend:

Azərbaycanda boşanmış valideynlərin ali təhsil alan övladlarına 18 yaşdan sonra da aliment ödəməsi məcburi ola bilər.

Trend-in müxbirinin xəbərinə görə, bunu Milli Məclisin İntizam komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı parlamentin bugünkü plenar iclasında çıxışı zamanı təklif edib.

Deputat bildirib ki, Ailə Məcəlləsinin mövcud müddəaları ilə dövlətin həyata keçirdiyi sosialyönümlü siyasət arasında müəyyən ziddiyyət yaranır.

Onun sözlərinə görə, valideynlərini itirmiş və ya digər valideyni əlil olan uşaqlara dövlət büdcəsi hesabına 21 yaşınadək müavinət ödənilir. Həmin uşaqlar 18 yaşından sonra ali təhsil müəssisəsində təhsil aldıqları halda isə bu ödəniş 21-22, səhv etmirsə, 23 yaşınadək davam etdirilir.

M.İbrahimqızı qeyd edib ki, valideynləri boşanmış ailələrdə isə övladların saxlanılması ilə bağlı fərqli vəziyyət yaranır. Belə ki, valideynlər uşağa 18 yaşınadək aliment ödəyir, həmin şəxs ali məktəbdə təhsilini davam etdirsə belə, aliment ödənilməsi məcburi xarakter daşımır və bu məsələ yalnız könüllü qaydada həll edilə bilər.

Deputat hesab edir ki, dövlət ali təhsil alan və valideyn himayəsindən məhrum olmuş uşaqlara büdcə hesabına 23 yaşınadək maddi dəstək göstərirsə, valideynlərin də öz övladları qarşısında analoji öhdəliyi olmalıdır.

"Belə bir sual yaranır: Dövlətimiz bu ağır yükü büdcənin hesabına üzərinə götürərək təhsil alan həmin uşağa 23 yaşınadək vəsait ayırırsa, nədən valideyn öz övladına, ali məktəbə daxil olduğu halda təhsil müddətində aliment ödəməsin?" – deyə o bildirib.

M.İbrahimqızı məsələni araşdırdığını və Türkiyədə, eləcə də Avropa ölkələrində bu istiqamətdə müvafiq qanunvericilik normalarının mövcud olduğunu vurğulayıb.

O qeyd edib ki, həmin ölkələrdə nikah pozulduğu halda valideynin övladına ali təhsil müəssisəsini bitirənədək aliment ödəməsi məcburi öhdəlik kimi nəzərdə tutulur.

Deputat müvafiq komitədən məsələnin araşdırılmasını və qanunvericilikdə həllini tapmasına dəstək göstərilməsini xahiş edib.

"Çünki dövlətimiz belə bir sosial-humanist siyasət həyata keçirib, büdcədən bu vəsaiti ayırırsa, valideynin də borcudur ki, öz övladı qarşısında öhdəliyini həyata keçirsin", – deyə M.İbrahimqızı əlavə edib.

Milli Məclisin sədri Sahibə Qafarova çıxışdan sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə məsələ ilə bağlı birlikdə arayış hazırlayaraq ona təqdim etməyi tapşırıb.

Spiker bildirib ki, arayış təqdim edildikdən sonra məsələ müzakirə olunacaq.

Mənbə: Trend · 27.11.2026, 11:42 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu