2027-ci ildə dünyanı yeni böhran gözləyir
· 1 mənbə
2027-ci ilin ikinci rübündə dünya bazarında dizel yanacağı çatışmazlığı yarana bilər. Yaxın Şərqdəki müharibənin nəticələri, Rusiyanın dizel ixracının azalması və neft emalı zavodlarında planlaşdırılan təmir işləri qlobal yanacaq bazarında təklifin azalması riskini artırır.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” analitikləri məlumat hazırlayıb.
Bildirilib ki, noyabr ayında dizel fyuçerslərinin qiymətləri 24 faiz azalsa da, yanacaq bazarında vəziyyət hələ də gərgin olaraq qalır. Yaxın Şərqdən dizel fraksiyalarının ixracı müharibədən əvvəlki səviyyənin cəmi üçdə birini təşkil edir.
Bununla yanaşı, Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində bu ölkənin dizel ixracı sutkada 800 min bareldən 200 min barelə qədər azalıb. Bu, ixracın dörd dəfə azalması deməkdir.
Qeyd edək ki, 2025-ci ildə Rusiya və Yaxın Şərq ölkələri birlikdə dünya dizel ixracının 28 faizindən çoxunu təmin edib.
Vəziyyəti 2027-ci ildə neft emalı zavodlarında aparılacaq genişmiqyaslı planlı təmir işləri də çətinləşdirə bilər. Hazırda Avropanın dizel ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz azdır. ABŞ-da isə yanacaq ehtiyatları bu yaxınlarda 2003-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.
Beynəlxalq Enerji Agentliyi bazarda hələlik cüzi profisitin qalacağını proqnozlaşdırır. Bununla belə, Kpler analitikləri dizelin yüksək qiymətinin ən azı 2027-ci ilin ortalarınadək davam edəcəyini gözləyirlər.
Mütəxəssislərin proqnozlarına görə, neftin dünya bazarında ucuzlaşması dizel yanacağının da qiymətinin aşağı düşəcəyinə zəmanət vermir. Dizelin bahalaşması yükdaşımaların və kənd təsərrüfatı istehsalının maya dəyərini artırmaqla ərzaq qiymətlərinə də təsir göstərə bilər. (Musavat.com)
Mənbə: Publika.az · 28.11.2026, 07:35 · orijinal məqalə