AAAF Parkda təhlükəli mənzərə: Tikinti ayaqaltıları standartlara uyğun deyil? -
· 1 mənbə
Xırdalan şəhərində, AAAF Park yaşayış kompleksində, Referans Tibb Mərkəzinin Xırdalan filialının yaxınlığındakı tikinti sahəsində təhlükəsizlik qaydalarının pozulduğu bildirilir.
Milli.Az xəbər verir ki, ərazidə quraşdırılan tikinti ayaqaltılarında (scaffolding) bir sıra ciddi çatışmazlıqlar müşahidə olunur.
Belə ki, metal boruların və qoruyucu məhəccərlərin əyildiyi, konstruksiyanın bina divarına bərkidilməsinin standartlara uyğun olmadığı qeyd edilir. Bu vəziyyət ayaqaltıların aşması təhlükəsini yaradır.
Bundan başqa, dayaqların altında yükü bərabər paylayan xüsusi altlıqlar və tənzimlənən dabanlıqlar quraşdırılmayıb. İşçi platformalarında isə standart döşəmələr əvəzinə bərkidilməmiş və yararsız taxta parçalarından istifadə olunduğu bildirilir.
Ərazidə hündürlükdən yıxılma riskini azaldan qoruyucu üst və orta məhəccərlərin, eləcə də ətəkliklərin də çatışmadığı müşahidə edilir.
Digər diqqətçəkən məqam isə qoruyucu torun tam çəkilməməsidir. Binanın sağ tərəfindəki hündür hissədə torun olmaması yuxarıdan tikinti materiallarının, alətlərin və digər əşyaların düşməsi riskini artırır.
Xüsusilə narahatlıq doğuran məqam tibb mərkəzinin girişinə və piyadaların hərəkət etdiyi hissəyə aiddir. Belə ki, həmin ərazidə yuxarıdan düşə biləcək əşyalardan qorunmaq üçün xüsusi mühafizə talvarı və təhlükəsizlik hasarının olmadığı bildirilir.
Qeyd olunan çatışmazlıqlar həm tikinti işçilərinin, həm də ərazidən istifadə edən sakinlərin və tibb mərkəzinə müraciət edən insanların təhlükəsizliyi baxımından narahatlıq doğurur.
Məsul qurumların ərazidəki vəziyyəti araşdırması və təhlükəsizlik qaydalarının təmin olunması vacibdir.
Mənbə: Milli.az · 25.11.2026, 15:57 · orijinal məqalə