ABŞ-də son iki ilin ən böyük bank iflası baş verib
· 1 mənbə
Noyabrın 27-də, cümə günü ABŞ-nin federal tənzimləyici orqanları İndiana ştatında fəaliyyət göstərən United Fidelity Bank-ı bağlayıblar.
Mütəxəssislər bankın öz öhdəliklərini yerinə yetirə bilməyəcəyi qənaətinə gəliblər. Bloomberg qeyd edir ki, bu, ölkədə son iki ilin ən böyük bank iflasıdır.
1914-cü ildə yaradılan United Fidelity Bank fiziki şəxslərə və biznesə bank xidmətlərinin göstərilməsi, ipoteka və kommersiya kreditlərinin verilməsi, əmanət və cari hesabların açılması, onlayn bankçılıq və Zelle vasitəsilə pul köçürmələri üzrə ixtisaslaşmışdı.
ABŞ-nin Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) First Citizens bankının United Fidelity-nin bütün depozit və aktivlərini təhvil almağa razılıq verdiyini açıqlayıb. FDIC bankın ləğvedicisi təyin olunub, lakin bankın bağlanmasının səbəbləri barədə ətraflı məlumat verilməyib.
FDIC-nin hesablamalarına görə, United Fidelity-nin bağlanması Əmanətlərin Sığortalanması Fonduna 1,83 milyard dollara başa gələcək. Bu, 2024-cü ilin aprelində Republic First Bank-ın bağlanmasından bəri ABŞ-də ən böyük bank iflasıdır. Sentyabrın sonuna United Fidelity-nin məcmu aktivləri təxminən 5,9 milyard dollar, depozitləri isə 5,4 milyard dollar təşkil edib.
FDIC-nin məlumatına görə, bu il ABŞ-də 7 bank müflis olub. Bu, son on ilə yaxın dövrün ən yüksək göstəricisidir. 2023-cü ildə isə Silicon Valley Bank və First Republic Bank kimi daha iri kredit təşkilatları müflis olmuşdu.
Bank sektorunun tənzimləyici orqanı bildirib ki, United Fidelity-nin müştəriləri sistemdəki dəyişikliklərin tamamlanması barədə First Citizens-dən bildiriş alanadək mövcud filialların xidmətlərindən istifadə etməyə davam etməlidirlər.
2024-cü ildə Republic First Bank-ın iflasına Silicon Valley Bank və First Republic Bank-ın bağlanmasına səbəb olan problemlərə bənzər amillər yol açmışdı. Yüksək faiz dərəcələri kreditlər və qiymətli kağızlar üzrə reallaşdırılmamış zərərlərə səbəb olmuşdu.
First Citizens-in saytında yayımlanan açıqlamaya əsasən, bank United Fidelity-ni satın almaq üçün müsabiqə yolu ilə seçilib.
United Fidelity Bank-ın saytında isə bankın cümə günü ABŞ-nin Pul Dövriyyəsinə Nəzarət İdarəsi tərəfindən bağlandığına dair elan yerləşdirilib.
Mənbə: Banker.az · 29.11.2026, 16:12 · orijinal məqalə