Ağdamın yeni zavodundan ilk ixrac Böyük Britaniyaya olub
· 1 mənbə
Ağdam Sənaye Parkında noyabr ayında fəaliyyətə başlayan “ASMC” MMC ilk ixracını həyata keçirib. Zavodda istehsal olunan metal məftilin ilk partiyası Böyük Britaniyaya göndərilib.
Banker.az xəbər verir ki, “Almet Holding” ASC-nin tərkibinə daxil olan müəssisədə polad həsir, müxtəlif növ məftillər, mismar və soyuq deformasiya olunmuş armatur istehsal edilir. Zavod həm daxili bazara, həm də ixraca məhsul tədarük etmək üçün qurulub.
Layihənin ümumi investisiya dəyəri 24,9 milyon manatdır. Birinci mərhələyə 8,8 milyon manat yönəldilib. Bu mərhələnin maliyyələşdirilməsində sahibkarın öz vəsaiti ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun subsidiyalaşdırdığı 4,7 milyon manata yaxın bank kreditindən istifadə olunub.
İkinci mərhələyə 16,1 milyon manat yatırılması, iki yeni istehsal binasının tikintisi və yeni məftil xətlərinin quraşdırılması planlaşdırılır. Həmin xətlərdə ildə 10 min ton sinklənmiş və 8 240 ton yüksəkkarbonlu çəkilmiş məftil istehsalı nəzərdə tutulur.
“ASMC” MMC 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və ƏDV və gömrük rüsumları üzrə 470 min manatlıq güzəştdən yararlanıb. Hazırda zavodda 41 nəfər çalışır. Layihə tam gücü ilə işə düşdükdə daimi iş yerlərinin sayının 100-ə çatdırılması planlaşdırılır.
Mənbə: Banker.az · 26.11.2026, 12:19 · orijinal məqalə