Elməddin Quluyev: "Texniki reqlamentlər qiymət artımına səbəb ola bilməz"

· 1 mənbə

Texniki reqlamentlər qiymət artımına səbəb ola bilməz.

"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev Bakıda keçirilən "Qeyri-qida istehlak mallarının təhlükəsizliyi" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, texniki tənzimləmə sistemi bütün dünyada tətbiq olunan mexanizmdir: "Bu sistem həm də bazarda ədalətli rəqabət mühitinin formalaşmasına və iqtisadiyyatın inkişafına töhfə verir. Texniki reqlamentlərin qəbulu hansısa qiymət artımlarına səbəb ola bilməz. Çünki istehsal və ya idxal olunan, bazara çıxarılan hər bir məhsul ilk növbədə təhlükəsiz olmalı, insanların həyat və sağlamlığına təhlükə yaratmamalıdır".

E.Quluyev əlavə edib ki, Azərbaycanda texniki tənzimləmə sistemi qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla qurulur: "Texniki reqlamentlər qüvvəyə minməzdən əvvəl idxal olunan, istismar olunan və ya artıq istismara verilmiş qeyri-qida mallarına şamil edilmir. Reqlament qəbul olunduqdan sonra nəzərdə tutulan altı aylıq müddət ərzində sahibkarlar və digər təsərrüfat subyektləri öz fəaliyyətlərini yeni tələblərə uyğunlaşdırmalıdırlar".

Mənbə: Report · 26.11.2026, 12:28 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu