AMB yerli bankların rəqəmsal dələduzluqla mübarizə tədbirlərini təhlil edəcək

· 1 mənbə

Bakı.Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin sonunadək, ən geci isə 2027-ci ilin əvvəlinədək bankların, elektron pul təşkilatlarının və ödəniş təşkilatlarının rəqəmsal dələduzluğa qarşı mübarizə tədbirlərini təhlil etməyi planlaşdırır.

Trend-in müxbirinin verdiyi məlumata görə, bu barədə çərşənbə günü Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda Azərbaycan Mərkəzi Bankının Rəqəmsal dələduzluğun qarşısının alınması və monitorinqi şöbəsinin rəisi Elvin Cuvarov bildirib.

Onun sözlərinə görə, təxminən bir ay əvvəl AMB banklara, elektron pul təşkilatlarına və ödəniş təşkilatlarına tövsiyə xarakterli məktub göndərərək mövcud nəzarət mexanizmlərinin özünüqiymətləndirməsi prosesinə başlayıb.

“Sənəddə rəqəmsal dələduzluğa qarşı mübarizə sahəsində müasir çağırışlar nəzərə alınmaqla, dələduzluq risklərinin azaldılması üçün zəruri olan minimum nəzarət mexanizmləri əksini tapıb. Xüsusilə, tövsiyələrə cihazların etibarlılığının yoxlanılması, eyni cihazdan bir neçə müştərinin istifadə etməsi hallarının aşkarlanması, sistemə yeni cihazlardan girişə nəzarət, tokenizasiya, əməliyyatların real vaxt rejimində monitorinqi, eləcə də vəsaiti qəbul edən tərəfin (benefisiarın) yoxlanılması daxildir”, - deyə o bildirib.

E.Cuvarov qeyd edib ki, AMB həmçinin banklardan, ödəniş təşkilatlarından və elektron pul təşkilatlarından qeyd olunan istiqamətlər üzrə mövcud nəzarət mexanizmlərinin vəziyyəti, aşkar edilmiş boşluqlar və onların aradan qaldırılması üçün nəzərdə tutulan tədbirlər, o cümlədən icra müddətləri barədə məlumat istəyib.

“Demək olar ki, bütün məlumatlar artıq toplanıb. Ehtimal ki, bu ilin sonunadək, ən geci isə gələn ilin əvvəlində həmin məlumatlar təhlil ediləcək. Zərurət yaranarsa, əlavə tövsiyə məktubu göndərəcəyik və ya təkmilləşdirməyə ehtiyac aşkar etdiyimiz istiqamətlər üzrə növbəti tədbirlər görəcəyik”, - deyə o bildirib.

Bundan əlavə, E.Cuvarov Azərbaycandan kənarda baş verən rəqəmsal dələduzluq hallarının strukturunda ən böyük payın elektron ticarət saytları vasitəsilə həyata keçirilən əməliyyatların payına düşdüyünü bildirib. Onun sözlərinə görə, ölkə daxilində isə dələduzluq hallarının əhəmiyyətli hissəsi bankların mobil tətbiqlərindən istifadə ilə bağlıdır.

Mənbə: Trend · 25.11.2026, 11:07 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu