Anar Yusifzadə: "Azərbaycanın regional İslam maliyyəsi mərkəzinə çevrilmək potensialı var"

· 1 mənbə

Azərbaycan yaxın beş il ərzində İslam maliyyəsi mərkəzinə çevrilmə potensialına malikdir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdindəki Alternativ Bankçılıq Şurasının üzvü Anar Yusifzadə "X Beynəlxalq Bank Forumu" çərçivəsində bildirib.

Onun sözlərinə görə, qarşıdakı beş il üçün proqnoz bundan ibarətdir ki, əgər müvafiq qanunvericilik 2027-ci ildə təsdiqlənərsə, sonrakı üç il müddətində Azərbaycanda İslam maliyyəsi prinsipləri əsasında fəaliyyət göstərən bank təsisatları işə başlayacaq və tədricən öz əməliyyat dairələrini genişləndirəcəklər:

"Hesab edirəm ki, beş illik perspektivdə Azərbaycanın İslam maliyyəsi mərkəzinə çevrilmə imkanı mövcuddur. Əvvəlcə bunu Qafqaz regionu səviyyəsində dəyərləndirmişdim, lakin əslində ölkəmizin regional maliyyə qovşağına çevrilmə şansı da realdır.

Hazırda qarşımızda üç fundamental problem dayanır. Birincisi, qanunvericilik bazasının formalaşdırılmasıdır. Bu sahədə artıq müəyyən addımlar atılmaqdadır. İkincisi, kadr potensialının məhdudluğudur. Bu, Azərbaycanda olduqca ciddi çatışmazlıq olaraq qalır. Peşəkar mütəxəssislərin hazırlanması istiqamətində birgə səylər göstərilməlidir. Hazırda iki təhsil qurumu – UNEC və Azərbaycan İlahiyyat İnstitutu – bu sahədə ixtisaslı kadrların yetişdirilməsi məqsədilə tədris proqramları hazırlamağa başlayıb.

Üçüncü vacib məsələ ictimai maarifləndirmə ilə bağlıdır. Aparılan sorğuda iştirak edən respondentlərin 73 %-inin İslam maliyyəsinə müəyyən maraq nümayiş etdirdiyini aşkar etmişdik. Ancaq onlara ətraflı suallar ünvanladıqda aydın oldu ki, iştirakçıların əhəmiyyətli hissəsi İslam maliyyəsini xeyriyyəçilik fəaliyyəti ilə eyniləşdirir. Onlar bu maliyyələşdirmə modelinin kommersiya xarakterli ola biləcəyindən xəbərsizdir. Hətta elə düşünənlər də var ki, İslam maliyyəsi çərçivəsində alınan vəsait geri ödənilmədikdə bank heç bir iddia irəli sürmür. Məhz buna görə bu sahədə geniş maarifləndirmə kampaniyalarının həyata keçirilməsi zəruridir."

Mənbə: Report · 24.11.2026, 18:10 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu