Dünya Bankı Azərbaycanın 300 milyon dollarlıq nəqliyyat planını açıqlayıb

· 1 mənbə

Bakı.Trend:

Dünya Bankının dəstəyi ilə həyata keçirilən Regional Nəqliyyat Əlaqəliliyi və İnkişafı Layihəsi Azərbaycanın cənubunda yerləşən Salyan-Biləsuvar dəhlizi boyunca təhlükəsiz, səmərəli və iqlim dəyişikliklərinə dayanıqlı nəqliyyat bağlantısının təmin edilməsi üzrə qarşıya qoyulan məqsədlərə tam nail olub.

Dünya Bankının məlumatına görə, layihə M3 avtomobil yolunun ilkin marşrutu boyunca nəqliyyat bağlantısı və bazarlara çıxışa mane olan məhdudiyyətlərin aradan qaldırılmasına yönəlib. Layihə çərçivəsində ölkənin əsasən kənd təsərrüfatı rayonlarından keçən Yenikənd-Biləsuvar avtomobil yolu hissəsinin yenidən qurulması nəzərdə tutulub.

Dəhliz Salyan, Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran rayonlarını birləşdirir.

"Sözügedən layihə təhlükəsiz, səmərəli və iqlim dəyişikliklərinə davamlı nəqliyyat əlaqəsinin təmin edilməsinə, həmçinin dövlətin yol ödənişləri strategiyası çərçivəsində yeni M3 avtomagistralından istifadəyə görə ödənişlərin tutulmasına imkan verən alternativ marşrutun yaradılmasına yönəlib", - sənəddə qeyd olunur.

Nəqliyyat infrastrukturunun inkişafı ilə yanaşı, layihə icma səviyyəsində sahibkarlıq təşəbbüslərinin həyata keçirilməsi və yol sektorunun dayanıqlığının təmin edilməsi strategiyalarının hazırlanması vasitəsilə yerli iqtisadi inkişafın dəstəklənməsini də nəzərdə tutub.

Dünya Bankı qeyd edir ki, layihənin məqsədləri onun icrası boyunca aktuallığını qoruyub. Belə ki, nəqliyyat əlaqəliliyinin inkişafı, iqlim dəyişikliklərinə davamlı infrastrukturun yaradılması və bazarlara çıxış imkanlarının genişləndirilməsi Azərbaycanın iqtisadi siyasətinin prioritetləri sırasında qalır.

"Layihənin başa çatdığı dövrdə nəqliyyat bağlantısı, iqlim dəyişikliklərinə dayanıqlı infrastruktur və bazarlara çıxış imkanlarının genişləndirilməsi Azərbaycanın 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının prioritetləri olaraq qalırdı", - sənəddə bildirilir.

Dünya Bankı, həmçinin layihənin Dünya Bankı Qrupunun Azərbaycanla 2025–2029-cu illər üzrə Tərəfdaşlıq Çərçivəsi Strategiyasına uyğun olduğunu vurğulayır. Həmin strategiyada məhsuldarlığın artırılması və daha keyfiyyətli iş yerlərinin yaradılması məqsədilə nəqliyyat və rəqəmsal əlaqəliliyin inkişafı əməkdaşlığın əsas istiqamətlərindən biri kimi müəyyən edilib.

Sənəddə ayrıca vurğulanır ki, Azərbaycan hökuməti sonradan Biləsuvar-Astara dəhlizinin uzunluğu təxminən 140 kilometr olan qalan hissəsinin tikintisinin maliyyələşdirilməsi üçün Dünya Bankına müraciət edib. Layihənin təxmini dəyəri 300 milyon dollar qiymətləndirilir.

"Hökumətin Biləsuvar-Astara dəhlizinin qalan hissəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı Dünya Bankına sonradan müraciət etməsi Azərbaycanın inkişaf gündəliyində nəqliyyat dəhlizlərinin və regional əlçatanlığın inkişafının prioritet olaraq qaldığını bir daha təsdiqləyir", - sənəddə qeyd olunur.

Dünya Bankının qiymətləndirməsinə əsasən, layihə Salyan-Biləsuvar dəhlizi boyunca təhlükəsiz, səmərəli və iqlim dəyişikliklərinə dayanıqlı nəqliyyat bağlantısının təmin edilməsi üzrə məqsədlərə tam nail olub. Bazarlara çıxış imkanlarının yaxşılaşdırılması məqsədinə isə böyük ölçüdə nail olunub.

Mənbə: Trend · 24.11.2026, 17:52 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu