Atalığının kobudluğuna görə uşaq gecəni parkda keçirib
· 1 mənbə
Bakıda atalığının davranışlarına dözməyən azyaşlı gecəni parkda keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mehriban Qadın və Uşaq Sığınacağı” paylaşım edib.
Paylaşımda bildirilib ki, onu parkda vətəndaşlardan biri görüb və polisə məlumat verib: “Atası həbs olunduqdan sonra anası ilə birlikdə yaşamağa davam edən azyaşlı uşaq bir müddət sonra anasının yenidən ailə qurmasından sonra çətin günlər yaşayıb. Bildirdiyinə görə, atalığı onunla kobud davranıb və evdə yaşadığı münasibətlər zamanla dözülməz həddə çatıb.
Sonuncu dəfə yaşadığı vəziyyətə dözə bilməyən uşaq gecə saatlarında evdən çıxaraq parka gedib və gecəni orada keçirib. Təsadüfən onu görən vətəndaşlardan biri dərhal polis əməkdaşlarına məlumat verib. Polis əməkdaşları azyaşlını xəstəxanaya yerləşdiriblər. Daha sonra uşaq sığınacağa gətirilib.
Məlumata görə, balacanın 7 aylıq, 1 yaş 7 aylıq, 4 yaşlı, 7 yaşlı və 12 yaşlı bacı-qardaşları var. Bundan əlavə, daha iki bacı-qardaşı doğuşdan sonra həyatını itirib. Hazırda uşağın ən böyük arzusu sığınacaqda qalmaqdır. O, burada özünü təhlükəsiz hiss etdiyini bildirir və başqa yerə getmək istəmədiyini açıq şəkildə ifadə edir”.
Mənbə: Qafqazinfo · 26.11.2026, 17:00 · orijinal məqalə