Azərbaycan siqaret istehsalçıları xaricə satışdan $42 mln. üzərində gəlir əldə ediblər

· 1 mənbə

Azərbaycan 2026-cı ilin ilk üç rübündə siqaret ixracından 42,5 milyon ABŞ dolları (təxminən 72,3 milyon manat) gəlir əldə edib. Ötən ilin eyni dövründə bu göstərici 32,1 milyon dollar təşkil etmişdi. Beləliklə, ixrac illik müqayisədə 32,4% və ya 10,4 milyon dollar artıb.

Banker.az xəbər verir ki, Azərbaycanın əsas siqaret ixracı bazarı Gürcüstan olub. Bu ölkəyə 39,64 milyon dollarlıq və ya 2,27 milyard ədəd siqaret göndərilib. Gürcüstanın ümumi ixrac dəyərində payı 93,3% təşkil edib.

İkinci ən böyük alıcı Qırğızıstan olub. Bu ölkəyə 1,84 milyon dollarlıq və ya 190,17 milyon ədəd siqaret satılıb.

Digər ölkələrdən Özbəkistana 322,93 min dollar, Omana 281,38 min dollar, Suriyaya 70 min dollar, Belarusa 35,4 min dollar, Qazaxıstana 6,78 min dollar, Türkmənistana isə 840 dollar dəyərində siqaret ixrac edilib. Bundan əlavə, alıcı ölkəsi göstərilməyən 300,92 min dollarlıq ixrac qeydə alınıb.

Hesabat dövründə Azərbaycan ümumilikdə 2,58 milyard ədəd siqaret ixrac edib. Bu, hər birində 20 ədəd siqaret olmaqla təxminən 128,9 milyon qutu deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 14,2 milyard ədəd siqaret istehsal edilib. Ötən ilin eyni dövründə istehsal 12,3 milyard ədəd olmuşdu. Beləliklə, istehsal 15,4% artıb.

Eyni dövrdə tütün məmulatları sənayesində istehsalın dəyəri 756,95 milyon manatdan 942,57 milyon manata yüksəlib. Sənayenin real istehsal artımı isə 16% təşkil edib.

Mənbə: Banker.az · 24.11.2026, 12:00 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu