“Unibank”ın sədr müavini: Ani transsərhəd ödəniş sistemləri SWIFT-in ciddi rəqibinə çevriləcək
· 1 mənbə
Ani transsərhəd ödəniş sistemlərinin inkişafı SWIFT üçün ciddi rəqabət yaradacaq, yerli banklar üçün isə həm risklər, həm də yeni imkanlar formalaşdıracaq.
“APA-Economics” xəbər verir ki, bunu “Unibank”ın İdarə Heyəti sədrinin müavini İlkin Quliyev X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, SWIFT köçürmələri zamanı klirinq, valyuta konvertasiyası və müxbir banklarla bağlı müştərilərə əvvəlcədən məlum olmayan əlavə komissiyalar yaranır. Yeni transsərhəd ödəniş sistemləri isə sürət və komissiyaların şəffaflığı baxımından üstünlük təşkil edir.
İlkin Quliyev Hindistan, Sinqapur və Filippin kimi ölkələri əhatə edən “Nexus” layihəsini nümunə göstərib.
O qeyd edib ki, yerli banklar ani transsərhəd ödəniş xidmətlərini vaxtında tətbiq etməklə yeni müştərilər cəlb edə bilərlər. Bu sistemlərin inkişafı xüsusilə turizm, kiçik və orta sahibkarlıq, eləcə də ixracla məşğul olan müəssisələr üçün əhəmiyyətlidir.
Mənbə: APA · 24.11.2026, 12:12 · orijinal məqalə