Azərbaycan və Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir (FOTO)

· 1 mənbə

Bakı. Trend:

Azərbaycan və Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, xüsusilə iki ölkənin ədliyyə akademiyaları arasında birgə fəaliyyətin genişləndirilməsi müzakirə olunub.

Azərbaycan Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Azərbaycanın ədliyyə nazirinin müavini Toğrul Hüseynov Bakıda Türkiyə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rəhbəri Metin Yıldırım ilə görüşüb.

Görüşdə Azərbaycan və Türkiyə arasında hüquqi sahədə əlaqələrin inkişafı, hər iki ölkənin ədliyyə orqanları, xüsusilə ədliyyə akademiyaları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, əməkdaşlıq çərçivəsində penitensiar və probasiya sahələrinin, eləcə də tibb xidmətinin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Həmçinin hakimlərin ilkin peşə hazırlığının artırılması məqsədilə birgə təlimlər təşkil olunur.

Əlaqələrin Türk Dövlətləri Təşkilatı çərçivəsində də inkişaf etdirildiyi vurğulanıb, bu prosesdə qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

Görüşdə iki ölkə arasında indiyədək 300-ə yaxın müqavilənin imzalandığı, 30-dan çox sənədin isə hazırda baxılma mərhələsində olduğu diqqətə çatdırılıb.

Həmçinin bildirilib ki, 2007-ci ildən Türkiyə Ədliyyə Akademiyasının təşkilatçılığı ilə Azərbaycan hakimləri üçün ümumilikdə 447 nəfərin iştirak etdiyi 9 təlim keçirilib.

Sonda akademiyalar arasında əməkdaşlığın birgə təlimlər, qarşılıqlı səfərlər və beynəlxalq tədbirlər vasitəsilə bundan sonra da inkişaf etdirilməsinin, əlaqələrin ikitərəfli və çoxtərəfli formatlarda genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Mənbə: Trend · 23.11.2026, 20:35 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu