Azərbaycanda internatlarda qalan uşaqların sayı azalıb

· 1 mənbə

Azərbaycanda uşaqlar üçün internat müəssisələrinin və orada qalan uşaqların sayı açıqlanıb.

Modern.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2026-cı ilin əvvəlinə ölkədə uşaqlar üçün 53 internat müəssisəsi fəaliyyət göstərib. Həmin müəssisələrdə ümumilikdə 14 min 22 uşaq qalıb. 2025-ci ilin əvvəlinə isə 55 müəssisədə 14 min 616 uşaq olub. Beləliklə, bir il ərzində müəssisələrin sayı 2, uşaqların sayı isə 594 nəfər azalıb.

Ən böyük azalma xüsusi internat məktəblərində qeydə alınıb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan 9 xüsusi internat məktəbində 2025-ci ildə 2 min 161 uşaq təhsil alıbsa, 2026-cı ildə bu göstərici 1 min 992-yə enib. Bu, 169 nəfərlik azalma deməkdir.

Ümumi təyinatlı və inteqrasiya təlimli internat tipli müəssisələrdə də azalma müşahidə olunub. 2025-ci ildə 26 belə müəssisədə 10 min 931 uşaq qaldığı halda, 2026-cı ildə müəssisələrin sayı dəyişməyib, uşaqların sayı isə 10 min 407-yə düşüb. Beləliklə, bir il ərzində 524 uşaq azalıb.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulan 3 müəssisədə isə ciddi dəyişiklik qeydə alınmayıb. 2025-ci ildə həmin müəssisələrdə 403 uşaq olubsa, 2026-cı ildə bu rəqəm 395 təşkil edib.

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisələrində isə əksinə, artım qeydə alınıb. Belə ki, 2 müəssisədə qalan uşaqların sayı 2025-ci ildəki 274 nəfərdən 2026-cı ildə 283 nəfərə yüksəlib.

Diqqətçəkən məqamlardan biri də körpələr və uşaq evləri ilə bağlıdır. 2026-cı ilin əvvəlinə ölkədə 13 körpələr və uşaq evi fəaliyyət göstərib və burada 844 uşaq qalıb. 2025-ci ilin əvvəlində isə 15 belə müəssisədə 847 uşaq olub. Göründüyü kimi, müəssisələrin sayı 2 vahid azalsa da, uşaqların sayında ciddi dəyişiklik baş verməyib.

Uzunmüddətli dinamikaya nəzər saldıqda isə fərqli mənzərə ortaya çıxır. Valideyn himayəsindən məhrum olmuş uşaqların ümumi sayı 2001-ci ildə 2 min 484 nəfər olub. Sonrakı illərdə bu göstərici azalaraq 2016-cı ildə 602 nəfərə düşüb. Lakin bundan sonra yenidən artım qeydə alınıb. Belə ki, 2025-ci ildə valideyn himayəsindən məhrum olmuş uşaqların sayı 1 min 484, 2026-cı ildə isə 1 min 468 nəfər təşkil edib.

Bu göstəricidəki dəyişikliklər fonunda körpələr və uşaq evlərindəki rəqəmlər xüsusi diqqət çəkir. 2021-ci ildə həmin müəssisələrdə valideyn himayəsindən məhrum olmuş cəmi 51 uşaq olduğu halda, 2022-ci ildə bu say 62-yə, 2023-cü ildə 130-a, 2024-cü ildə 480-ə yüksəlib. 2025-ci ildə isə göstərici 847-yə çatıb. 2026-cı ildə bu rəqəm 844 olub. Beləliklə, son dörd ildə körpələr və uşaq evlərindəki uşaqların sayı 16 dəfədən çox artıb.

Bunun əksinə olaraq, ümumi təyinatlı internat tipli müəssisələrdə valideyn himayəsindən məhrum olmuş uşaqların sayı kəskin azalıb. 2001-ci ildə bu müəssisələrdə 1 min 755 uşaq olduğu halda, 2026-cı ildə onların sayı 395 nəfərə enib.

Mənbə: Modern.az · 26.11.2026, 17:40 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu