Azərbaycanda “mygov business” platformasının pilot versiyası istifadəyə veriləcək
· 2 mənbə
Bakı.Trend:
Azərbaycanda "myGov Business" platformasının ilkin pilot versiyasının istifadəyə verilməsi planlaşdırılır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu çərşənbə axşamı Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin son 10 ayı ərzində Azərbaycanda elektron hökumət portalı "myGov"un unikal istifadəçilərinin sayı 2,2 dəfə artaraq 5 milyonu ötüb.
Agentlik sədri qeyd edib ki, platforma istifadəçilərinin 60 faizi aylıq aktiv istifadəçilərdir: “Göstərilən dövr ərzində myGov vasitəsilə təqdim olunan xidmətlərə müraciətlərin sayı 4,5 dəfə, məlumatlardan istifadə isə 2,2 dəfə artıb”.
F.Osmanov bildirib ki, Azərbaycan son illərdə rəqəmsal transformasiyanın, innovasiyaların və süni intellektin inkişafı istiqamətində tədbirlər həyata keçirir. Onun sözlərinə görə, bu istiqamətlər ölkənin dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib.
“2025-ci ildə Rəqəmsal İnkişaf Konsepsiyası, daha sonra Süni İntellekt Strategiyası qəbul edilib. Cari ilin fevral ayında isə 2026-2028-ci illər üzrə Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planı təsdiqlənib”, - deyə o bildirib.
F.Osmanov xatırladıb ki, noyabrın 19-da Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində 36 pillə irəliləyərək əvvəlki 74-cü yerdən 38-ci yerə yüksəlib. Onun sözlərinə görə, ölkə elektron hökumətin inkişaf səviyyəsi çox yüksək olan dövlətlər arasında ən böyük irəliləyişə nail olub.
“Bundan əlavə, onlayn xidmətlər subindeksi üzrə Azərbaycan dünyada 11-ci yerdə qərarlaşıb”, - deyə F.Osmanov bildirib.
O vurğulayıb ki, əsas vəzifələrdən biri dövlət xidmətlərinin vahid platforma üzərindən yalnız vətəndaşlara deyil, həm də hüquqi şəxslərə təqdim edilməsinin genişləndirilməsidir: “Bu baxımdan, yaxın gələcəkdə myGov Business platformasının ilkin pilot versiyasının istifadəyə verilməsi planlaşdırılır”.
Süni intellektin tətbiqindən danışan F.Osmanov qeyd edib ki, rəhbərlik etdiyi qurum müxtəlif dövlət orqanları ilə birgə dövlət xidmətləri sahəsində müvafiq həllərin tətbiqini təşviq edir.
“Xüsusilə xidmətlərin proaktivliyinin artırılması, optimallaşdırılması və məlumatlar əsasında qərarların qəbul edilməsi məqsədilə süni intellektdən istifadədən söhbət gedir. Növbəti mərhələdə agent texnologiyalarından istifadə etməklə dövlət xidmətlərinin proaktiv təqdimatının inkişaf etdirilməsi nəzərdə tutulur”, - deyə o əlavə edib.
Mənbə: Trend · 24.11.2026, 11:13 · orijinal məqalə