Ermənistan da 2027-ci ildə sülhü öz Ana Qanununa yazmalıdır
· 2 mənbə
"Dünən Ermənistanda yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim olundu. Əslində söhbət təkcə Ana Qanunun dəyişdirilməsindən getmir, bir xalqın dövlətçilik məfkurəsi, milli ideyaları, qonşularına münasibəti və gələcək inkişaf yolu da yenidən müəyyənləşir. Konstitusiya hər bir dövlətin quruculuğunun baş planıdır. Millətin hansı məqsədlər uğrunda birləşdiyini, dövləti niyə yaratdığını və gələcək nəsillərə hansı siyasi mirası qoymaq istədiyini müəyyən edən əsas sənəddir".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
O qeyd edib ki, 1988-ci ildə İrəvan meydanlarına çıxan yüz minlərlə insanın əsas siyasi şüarı "Miatsum" idi: “Ermənistanın dövlət müstəqilliyi Azərbaycan torpaqlarında elan olunurdu. O dövrdə respublikamızda hakimiyyətin zəifliyinə görə işğalçılıq qanununa milyonlarla erməni səs verdi. Lakin altı il əvvəl Azərbaycanın apardığı Vətən müharibəsi həm də Ermənistan Konstitusiyası və əsas milli ideyası üzərində Qələbə qazandı. İndi İrəvanda Zəfərin nəticələrinin qəbulu bir xalqın əsrlərlə apardığı düşmənçilikdən xilası deməkdir.
2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində Mülki Müqavilə Partiyasına əvvəlkindən 38 min nəfər çox, 726 min 819 səs verildi. Savaşda məğlubiyyətə baxmayaraq, vətəndaşların yarısı keçmiş rəhbərlərin hakimiyyətə qayıtmasına və müharibəyə yox dedi.
İndi yeni Konstitusiyaya və ya sülh müqaviləsinə Ermənistan hakimiyyəti ilə bərabər, xalqı da səs verməlidir. Seçicilər artıq kimin Baş nazir olacağını müəyyənləşdirmirlər, dövlətin hansı ideya əsasında idarə olunacağına münasibət bildirirlər.
İrəvanda “Əliyev Konstitusiyası” adı ilə sənədə qarşı hücum edənlər son otuz ildə işğaldan qazanan, indi isə Qarabağdan əlləri çıxanlardır. Revanşist qüvvələr layihənin xalqın müzakirəsinə və səsverməsinə çıxarılmasına mane olurlar. Halbuki ərazi iddiasından əl çəkmək başqa dövlətin Konstitusiyasının qəbulu kimi dəyərləndirilə bilməz. Ermənistanın gələcəyi artıq tarixdə olduğu kimi imperiya mərkəzlərində müəyyənləşmir.
Yeni Konstitusiya layihəsi ilə eyni vaxtda ABŞ Prezidenti Donald Tramp tarixi TRİPP layihəsinin icrasının rəsmən başlandığını bəyan etdi. Bir vaxtlar Qarabağ münaqişəsi Cənubi Qafqazı hərbi qarşıdurmada və blokadada saxladığı halda, indi region böyük açılıma hazırlaşır”.
Zahid Oruc hesab edir ki, otuz beş il əvvəl Ermənistanda mütləq əksəriyyət Azərbaycan ərazilərinin qəsb olunmasını tələb edirdi: “İndi isə respublikamız əsas hissəsi ilə Naxçıvanı quru yolla bütövləşdirməyə doğru gedir. Erməni cəmiyyətinin dinc qonuşuluğu, yoxsa əbədi məhv olma məfkurəsi olan torpaq iddialarını seçəcəyi onların taleyini müəyyənləşdirəcək. Lakin referendumun nəticələri xarici dövlətlərin yox, sadə vətəndaşların iradəsindən asılı olmalıdır.
Regionda barış hər iki dövlətin üzərinə böyük məsuliyyət qoyur. 1988-ci ildə meydanlarda səslənən ərazi iddialarının üzərindən birdəfəlik xətt çəkilməlidir. Sülh Konstitusiyasının qəbulu yeganə yoldur.
Azərbaycan xalqı Konstitsusiyasını 44 müqəddəs gündə yenidən təsdiqlədi. İndi Ermənistan da 2027-ci ildə sülhü öz Ana Qanununa yazmalıdır".
Mənbə: Publika.az · 24.11.2026, 11:36 · orijinal məqalə