Azərbaycanın cənubunda 300 milyon dollarlıq layihə gündəmdə
· 1 mənbə
Azərbaycan hökuməti M3 nəqliyyat dəhlizinin növbəti hissəsinin – ilkin dəyəri təxminən 300 milyon ABŞ dolları səviyyəsində qiymətləndirilən, təxminən 140 km uzunluğundakı Biləsuvar-Astara sahəsinin tikintisi üçün maliyyə vəsaitinin alınması məqsədilə Dünya Bankına müraciət edib.
Bu barədə Dünya Bankının hesabatında bildirilir.
Dünya Bankının sənədlərinə görə, bu istiqamətin davamının maliyyələşdirilməsi üçün edilən müraciət nəqliyyat əlaqəliliyinin və regional əlçatanlığın Azərbaycanın inkişaf gündəliyində əsas prioritetlərdən biri olaraq qalmaqda olduğunu təsdiqləyir. Gözlənilir ki, Dünya Bankının planlaşdırılan əməliyyatı əvvəlki layihədən əldə edilmiş nəticələrə və praktiki təcrübəyə söykənərək həm sahədə islahatların eyni zamanlı davam etdirilməsinə, həm də M3 dəhlizinin qalan hissəsinin bərpasına dəstək verməyə istiqamətlənəcək.
Artıq tamamlanmış Regional Əlaqəlilik və İnkişaf Layihəsi (“Regional Connectivity and Development Project”) M3 avtomobil yolunun 70,96 km uzunluğundakı Salyan-Biləsuvar (Yenikənd-Biləsuvar) hissəsini əhatə edirdi. Layihə 2021-ci il mayın 20-də təsdiq olunmuş və nəzərdə tutulan müddətdə – 2026-cı il martın 31-də yekunlaşdırılıb. Həmin layihənin ümumi maliyyələşdirmə məbləği 95,88 milyon ABŞ dollarına bərabər idi (faktiki istifadə olunan həcm 95,21 milyon dollar təşkil edib). Bu məbləğdən 65 milyon dollar Dünya Bankının kredit vəsaitləri (64,69 milyon dollar istifadə edilib), 30,88 milyon dollar isə Azərbaycan hökumətinin iştirak payı (30,52 milyon dollar istifadə edilib) idi.
Salyan-Biləsuvar sahəsində aparılan işlər çərçivəsində 12 körpü yenidən inşa edilib, bunlardan beşi qənaət olunmuş vəsait və 2025-ci ilin noyabrında aparılan restrukturizasiya nəticəsində əlavə maliyyələşdirilib. İqlim dəyişikliklərinə davamlılığın gücləndirilməsi tədbirləri yolun 57,4 km-lik hissəsini əhatə edib, orta çəkili yük nəqliyyat vasitələrinin istismar məsrəfləri isə nəzərdə tutulan 11 %-lik azalma hədəfinə qarşı 16,73 % azalmaqla gözləniləndən yüksək nəticə göstərib.
Layihənin yekun nəticələrinə əsasən, İqtisadi Daxili Gəlirlilik Norması (EIRR) qiymətləndirmə mərhələsindəki 15,1 %-lik proqnozla müqayisədə 17,8 % təşkil edib, 6 % diskont dərəcəsi ilə xalis cari dəyər (NPV) isə 75,26 milyon ABŞ dollarına yüksəlib. Nəqliyyat və rəqəmsal infrastrukturun modernizasiyası Azərbaycanın 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasına, eləcə də Dünya Bankı Qrupunun 2025–2029-cu maliyyə illəri üzrə Tərəfdaşlıq Çərçivə Proqramına uyğun gəlir.
Mənbə: Banker.az · 24.11.2026, 20:51 · orijinal məqalə