Bakı Mərkəzi Asiya ilə Avropa arasında
· 1 mənbə
Regional hava əlaqələrinin genişlənməsi, beynəlxalq aviadaşıyıcıların fəaliyyəti və Azərbaycanın hava dəhlizi kimi mövqeyi Bakının Avrasiya aviasiyasında rolunu gücləndirir.
“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan Hava Yolları”nın (AZAL) 21 sentyabr 2026-cı il tarixli məlumatına görə, ilin əvvəlindən Mərkəzi Asiya marşrutları üzrə 400 minə yaxın sərnişin daşınıb.
Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35 faiz artım deməkdir. Aviaşirkətin sentyabrın 21-də açıqladığı məlumata görə, 2026-cı ildə bu marşrutlardan istifadə edən 58 734 sərnişin Bakı üzərindən digər beynəlxalq istiqamətlərə transfer edib. Bu göstəricilər regional sərnişin daşımalarının genişlənməsi ilə yanaşı, Bakının Mərkəzi Asiyanı daha geniş beynəlxalq uçuş şəbəkəsi ilə əlaqələndirən rolunun da gücləndiyini göstərir.
2026-cı ilin ilk doqquz ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 5,7 milyon sərnişinə xidmət göstərib. Həmin dövrdə Bakı 42 aviaşirkətin uçuşları vasitəsilə 77 istiqamətlə əlaqələnib. Bu şəbəkənin inkişafında milli aviadaşıyıcı ilə yanaşı, “Air Astana”, “Uzbekistan Airways”, “Lufthansa”, “Turkish Airlines”, “Wizz Air” və digər beynəlxalq aviaşirkətlər də iştirak edir. Fərqli biznes modellərinə və marşrut şəbəkələrinə malik aviadaşıyıcıların fəaliyyəti sərnişinlərə alternativ istiqamətlər və səyahət seçimləri təqdim edir.
Ümumilikdə isə yanvar-sentyabr aylarında AZAL-ın bütün marşrut şəbəkəsi üzrə Bakı üzərindən transfer edən sərnişinlərinin sayı 29 faiz artaraq 419 min nəfərə çatıb. Bu dinamika Azərbaycan paytaxtının müxtəlif regionlar arasında sərnişin bağlantılarının inkişafında artan rolunu nümayiş etdirir.
Mərkəzi Asiya ilə hava əlaqələrinin genişlənməsi
Bakının Mərkəzi Asiya ilə uçuş şəbəkəsini fərqləndirən xüsusiyyətlərdən biri əlaqələrin yalnız paytaxtlarla məhdudlaşmamasıdır. AZAL-ın sentyabr ayındakı marşrut şəbəkəsi Qazaxıstanın Almatı, Astana, Aktau, Atırau, Şımkent və Aktöbə, Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərini, həmçinin Bişkek və Düşənbəni əhatə edirdi.
Dörd ölkənin on şəhəri ilə formalaşan bu əlaqələr Xəzərin iki sahili arasında işgüzar və turizm səfərlərini asanlaşdırmaqla yanaşı, Mərkəzi Asiyanın regional bazarlarından digər beynəlxalq istiqamətlərə çıxış imkanlarını genişləndirir. Xüsusilə Qazaxıstanın altı şəhəri ilə müntəzəm uçuşların mövcudluğu Bakı ilə region arasında əlaqələrin geniş coğrafiyasını nümayiş etdirir.
“Fly Central Asia” analitik platformasının 2026-cı ilin oktyabrında açıqladığı birhəftəlik müşahidəyə əsasən, Mərkəzi Asiyanın on hava limanından müxtəlif aviadaşıyıcılar tərəfindən Bakıya ümumilikdə 70 reys həyata keçirilib. Onların 41-i Qazaxıstanın, 18-i Özbəkistanın, 6-sı Qırğızıstanın, 5-i isə Tacikistanın payına düşüb. Beləliklə, müşahidə edilən uçuşların təxminən 84 faizi Qazaxıstan və Özbəkistandan həyata keçirilib.
Mərkəzi Asiya aviasiya bazarı üzrə ekspert Dilşodbek Xuşvaqtov Qazaxıstan və Özbəkistanla formalaşmış uçuş şəbəkəsini Bakının regiondakı hava əlaqələrinin əsas bazası kimi qiymətləndirir. Ekspertin fikrincə, Bişkek və Düşənbə ilə mövcud bağlantılar da Azərbaycanın Mərkəzi Asiya üzrə marşrut şəbəkəsinin gələcək inkişafı üçün əlavə imkanlar yaradır.
Bakıdan Avropaya: milli aviadaşıyıcının rolu və rəqabət imkanları
Heydər Əliyev Beynəlxalq Aeroportunun 2026-2027-ci illər üzrə payız-qış uçuş proqramı London, Paris, Frankfurt, Roma, Milan, Varşava, Praqa və digər Avropa şəhərlərini əhatə edir. Mərkəzi Asiya ilə mövcud hava əlaqələrinin bu istiqamətlərlə Bakıda kəsişməsi regiondan Avropaya səyahət edən sərnişinlər üçün alternativ marşrut imkanları formalaşdırır.
Bu prosesdə “Azərbaycan Hava Yolları” mühüm rol oynayır. Sentyabrın sonuna 55 istiqaməti əhatə edən marşrut şəbəkəsi ilə milli aviadaşıyıcı regional və beynəlxalq reyslərin Bakı üzərindən əlaqələndirilməsində əsas iştirakçılardan biridir. Uçuş cədvəllərinin uyğunluğu, münasib transfer müddətləri və baqaj xidmətləri hava bağlantılarının sərnişinlər üçün rahat və rəqabətqabiliyyətli səyahət imkanlarına çevrilməsində xüsusi əhəmiyyət daşıyır.
Dilşodbek Xuşvaqtovun fikrincə, Mərkəzi Asiyadan gələn reyslərin cədvəllərinin Avropa istiqamətləri ilə uyğunlaşdırılması Bakı üzərindən daha çox səyahət seçimi yarada bilər. Aviaşirkətlər arasında vahid bilet üzrə əməkdaşlıq isə sərnişinlərə səfərin hər iki hissəsini bir rezervasiya çərçivəsində planlaşdırmaq imkanı verə bilər.
Beynəlxalq aviadaşıyıcıların Bakıdan müxtəlif istiqamətlərə həyata keçirdiyi uçuşlar da aeroportda təklif olunan marşrut coğrafiyasını genişləndirir. Heydər Əliyev Beynəlxalq Aeroportu aviaşirkətlər üçün müasir infrastruktur və sərnişin transferi mühiti yaradır, milli və xarici aviadaşıyıcıların fəaliyyəti isə Bakının regional və beynəlxalq bazarlarla əlaqələrini tamamlayır.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman isə Azərbaycanın aviasiya perspektivlərini qiymətləndirərkən ölkənin bazar imkanlarına və rəqabət üstünlüklərinə uyğun inkişaf strategiyasının vacibliyini vurğulayıb. Onun yanaşmasına görə, regional hava əlaqələrinin genişləndirilməsi və beynəlxalq istiqamətlər arasında səmərəli bağlantıların qurulması aviasiya sektorunun uzunmüddətli inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan Bakının rəqabət imkanları Mərkəzi Asiyanın paytaxtları və regional şəhərləri ilə Avropa arasında əlverişli hava əlaqələrinin inkişafına əsaslanır.
Azərbaycanın beynəlxalq hava dəhlizi kimi mövqeyi
Bakının sərnişin aviasiyasında artan rolu Azərbaycanın beynəlxalq hava məkanındakı mövqeyi ilə tamamlanır. Avropa ilə Asiya arasında yerləşən ölkə beynəlxalq hava marşrutlarının mühüm keçid məkanlarından biridir. Qlobal aviasiya şəbəkəsində baş verən dəyişikliklər fonunda aeronaviqasiya xidmətlərinin inkişafı, hava məkanından səmərəli istifadə və beynəlxalq koordinasiya imkanları daha böyük əhəmiyyət qazanır.
2026-cı ilin yanvar–sentyabr aylarında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) 282 mindən çox uçuşa aeronaviqasiya xidməti göstərib. Həmin dövrdə Azərbaycanın hava məkanından keçən tranzit uçuşların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən 15 faiz artıb.
Bu göstəricilər Azərbaycanın beynəlxalq aviasiya sistemində bir-birini tamamlayan iki funksiyasını nümayiş etdirir. Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq aviadaşıyıcılar üçün infrastruktur və sərnişin transferi mühiti yaradır, AZANS isə ölkənin hava məkanında təhlükəsiz və səmərəli hava hərəkətinin idarə olunmasını təmin edir.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev açıqlamasında Azərbaycanın hava dəhlizi kimi inkişafında coğrafi mövqe ilə yanaşı, aeronaviqasiya infrastrukturuna qoyulan investisiyaların da əhəmiyyətini vurğulayıb. Onun qiymətləndirməsinə görə, müasir hava hərəkəti idarəetmə sistemləri ölkənin artan uçuş axınlarına xidmət göstərmək imkanlarını genişləndirir və Azərbaycan üzərindən formalaşmış marşrutların uzunmüddətli perspektivdə saxlanılması üçün zəmin yaradır.
Bu istiqamətdə AZANS ilə IATA-nın əməkdaşlığı çərçivəsində hazırlanmış Milli Hava Məkanı Strategiyası xüsusi əhəmiyyət daşıyır. Marşrutların optimallaşdırılması, rəqəmsal hava hərəkəti idarəetməsi və hava məkanından daha səmərəli istifadəni nəzərdə tutan strategiya Azərbaycanın beynəlxalq hava dəhlizi kimi imkanlarının uzunmüddətli inkişafına yönəlib.
Növbəti mərhələ: beynəlxalq bağlantılardan dayanıqlı üstünlüyə
Azərbaycanın regional mövqeyini gücləndirən amillərdən biri müxtəlif nəqliyyat şəbəkələrinin eyni coğrafiyada bir-birini tamamlamasıdır. Xəzər üzərindən keçən Orta Dəhliz dəmir yolu, avtomobil və dəniz daşımalarını birləşdirir.
Rauf Ağamirzəyevin fikrincə, aviasiya bu sistemə sürətli sərnişin səfərləri, yüksək dəyərli və vaxt baxımından həssas yüklərin daşınması üçün əlavə imkanlar qazandırır. Bu isə Azərbaycanın Şərq–Qərb istiqamətində logistika xidmətlərinin çevikliyini artırır. Nəqliyyat əlaqələrinin inkişafı turizm, biznes və xidmət sektorları üçün də yeni iqtisadi imkanlar formalaşdırır.
Bakının Mərkəzi Asiya ilə Avropa arasında gələcək inkişafında əsas istiqamətlərdən biri mövcud marşrut şəbəkəsindən daha səmərəli istifadə edilməsidir. Uçuş tezliklərinin sərnişin tələbatına uyğunlaşdırılması, transfer bağlantılarının inkişafı və beynəlxalq aviadaşıyıcılarla əməkdaşlığın genişləndirilməsi bu prosesdə mühüm rol oynayır.
Bu baxımdan Heydər Əliyev Beynəlxalq Aeroportu, "Azərbaycan Hava Yolları", digər beynəlxalq aviadaşıyıcılar və AZANS Azərbaycanın aviasiya ekosisteminin bir-birini tamamlayan iştirakçılarıdır. Aeroportun infrastrukturu, milli aviadaşıyıcının transfer şəbəkəsi, xarici aviaşirkətlərin təqdim etdiyi marşrut seçimləri və aeronaviqasiya imkanları ölkənin regional əlaqələrini gücləndirən vahid sistem formalaşdırır.
Bakının strateji perspektivi Mərkəzi Asiyanın paytaxtları və regional şəhərlərini Avropa ilə etibarlı, rahat və rəqabətqabiliyyətli hava əlaqələri vasitəsilə daha sıx birləşdirməkdir. Azərbaycanın coğrafi mövqeyi bu inkişaf üçün əlverişli zəmin yaradır. Həmin potensialın dayanıqlı üstünlüyə çevrilməsini isə marşrut şəbəkəsinin keyfiyyəti, aviadaşıyıcıların əməkdaşlığı və sərnişinlər üçün yaradılan real bağlantı imkanları müəyyən edəcək.
Mənbə: Qafqazinfo · 24.11.2026, 10:52 · orijinal məqalə