Bakıda müyəssərlik: hüquq və reallıqlar - Araşdırma
· 1 mənbə
Şəhər anlayışı sürətli, rahat və əlçatanlıq anlayışlarını da özündə ehtiva edir. Bəs şəhər mühiti hamı üçün eynidirmi? Əlilliyi olan şəxs üçün adi bir səki, keçid və ya avtobus dayanacağı əlçatandırmı? "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna əsasən, fiziki mühit, nəqliyyat, informasiya və rabitə, eləcə də əhaliyə açıq obyekt və xidmətlər əlilliyi olan şəxslər üçün müyəssər olmalıdır. Odur ki, qanunvericilikdə müyəssərliklə bağlı müəyyən tələblər olsa da, real şəhər mühitində problemlər hələ də qalır.
Problemlər nələrdir və onların həlli üçün hansı addımlar atılmalıdır?
Əlilliyi olan G.A "Report"a açıqlamasında vurğulayıb ki, evdən çıxıb hər hansı bir məkana getmək onun üçün ciddi problemdir. Hər dəfə səkiyə qalxmaq üçün pandus axtarır, piyada keçidində çətinlik çəkir:
"Avtobusa minmək üçün kiminsə köməyinə ehtiyac duyuram. Bəzən bir neçə dəqiqəlik məsafəni qət etmək mənim üçün uzun bir mübarizəyə çevrilir. Mağazaya, aptekə, işə və ya sadəcə gəzməyə getmək istəyirəm. Amma şəhərin küçələri, binaları, ictimai nəqliyyatı çox vaxt buna imkan vermir. Mən də bu şəhərdə yaşayıram, bəs niyə ondan hamı kimi istifadə edə bilmirəm? Yalnız şəhərin mərkəzi küçə və prospektlərində müəyyən qədər əlçatanlıq var, amma Bakının kəndindən və ya ətraf qəsəbəsindən çıxıb, mərkəzə gəlmək istəyən şəxs üçün bu, mümkün deyil".
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu sahə ilə bağlı layihələrin icrası üçün standartlar yenilənməli, maraqlı tərəflər prosesə cəlb olunmalı və məsuliyyət bölgüsü dəqiq müəyyənləşdirilməlidir:
"Tikinti və infrastruktur obyektlərində müyəssərliklə bağlı hansı qurumun nəyə cavabdeh olduğu aydın olmalıdır. Hazırda isə xüsusilə panduslarla bağlı tələblərin tətbiqində qeyri-müəyyənliklər var. Bakıda müyəssərlik baxımından ziddiyyətli mənzərə müşahidə olunur. Bir ərazidə müasir və əlçatan şəhər mühiti olduğu halda, yaxınlıqda yeni tikilmiş binaların səki və girişləri hərəkət məhdudiyyətli şəxslər üçün əlverişsizdir. Bəzi hallarda yeni tikililər mövcud səkiləri daha da daraldır və onların müyəssərliyini pozur".
Ekspert vurğulayıb ki, dünyada piyada və inklüziv şəhərsalma yanaşmaları, o cümlədən "15 dəqiqəlik şəhər" konsepsiyası ön plandadır:
"Səkilər rəvan və kəsintisiz olmalı, məhəllə və obyekt girişlərində səki səviyyəsinə uyğun keçidlər və panduslar yaradılmalıdır. Bu həllər əlil arabasından, uşaq arabasından və digər təkərli vasitələrdən istifadə edən insanların sərbəst hərəkətini təmin edir. Şəhər hakimiyyəti və bələdiyyələr biznes obyektlərinin, yəni market, aptek, mağaza, ictimai iaşə və digər müəssisələrin də bu tələblərə əməl etməsini təmin etməlidir. Yeni tikililər sıfırdan müyəssər prinsipi ilə layihələndirilməli, mövcud obyektlər isə mərhələli şəkildə uyğunlaşdırılmalıdır. Bunun üçün tövsiyələr deyil, icrası məcburi tələblər müəyyənləşdirilməli və tələblərə cavab verməyən layihələrə icazə verilməməlidir".
R.Ağamirzəyev müyəssərliyin real vəziyyətini qiymətləndirmək üçün monitorinq və təlimlərin gücləndirilməli olduğuna diqqət çəkib:
"Məsələn, nəqliyyat və şəhər infrastrukturu üzrə çalışan şəxslər üçün hərəkət məhdudiyyətlərini simulyasiya edən xüsusi təlimlər keçirilə bilər. Yaşlılıq və əlil arabası simulyasiyaları vasitəsilə iştirakçılar küçə və nəqliyyatda qarşılaşılan maneələri praktiki şəkildə görə bilərlər. Bununla yanaşı, mühəndislər və qərar qəbul edən şəxslər müyəssərlik üzrə mütəmadi təlimlərə cəlb edilməli, bu mövzu mühəndislik təhsilinə də daxil edilməlidir. Mövcud standartlar müasir inklüziv şəhərsalma tələblərinə uyğun yenilənməlidir".
Ekspertin fikrincə, müyəssərlik yalnız bir pandusun qurulması ilə məhdudlaşmamalıdır. Şəxsin evindən çıxaraq dayanacağa, nəqliyyat vasitəsinə və oradan təyinat yerinə qədər keçdiyi bütün marşrutda - səki, keçid, dayanacaq və nəqliyyat daxil olmaqla - maneəsiz mühit təmin edilməlidir.
Əlilliyi olan şəxslərin hüquqları və onların pozulmasının məsuliyyəti
Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Azərbaycan qanunvericiliyində əlilliyi olan şəxslərin bərabər hüquqlardan istifadəsi və cəmiyyətin bütün sahələrində iştirakını təmin edən xüsusi mexanizmlərin olduğunu deyib.
O qeyd edib ki, infrastrukturun layihələndirilməsi və tikintisində universal dizayn prinsipi tətbiq edilməli, yaşayış binaları və digər obyektlər onların rahat və təhlükəsiz hərəkətinə uyğunlaşdırılmalıdır.
Vəkilin sözlərinə görə, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanun əmək hüquqlarına xüsusi təminatlar verir:
"Əlillik əlamətinə görə ayrı-seçkilik, qanunda nəzərdə tutulan hallar istisna olmaqla işə qəbuldan və vəzifədə irəli çəkilmədən imtina, əmək müqaviləsinə xitam və başqa işə keçirilmə yolverilməzdir. Fərdi reabilitasiya proqramlarının icrası və istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin işlə təmin olunması ilə bağlı da işəgötürən və dövlət qurumlarının öhdəlikləri müəyyən edilib".
R.Əliyev bu tələblərin pozulmasına görə inzibati məsuliyyət və cərimələr də nəzərdə tutulduğunu xatırladıb. Məsələn, fərdi evin uyğunlaşdırılması ilə bağlı müəyyən xərclərin ödənilməməsinə görə 500–1000 manat, əlilliyi olan şəxslər üçün nəzərdə tutulan parklanma yerində digər nəqliyyat vasitəsinin saxlanılmasına görə isə 60 manat cərimə tətbiq edilir".
Əlilliyi olan şəxslərin rahat hərəkəti üçün şəraitin olmaması onların psixoloji vəziyyətinə də ciddi təsir göstərir.
Bu barədə psixoloq Gülnar Orucova əlilliyi olan şəxslərin də təhsil almaq, işləmək, sosial həyata qoşulmaq və sərbəst hərəkət etmək ehtiyacı olduğunu bildirib:
"Lakin bunun üçün onlar ictimai nəqliyyatdan istifadə etməli olurlar və burada ciddi çətinliklərlə qarşılaşırlar. Məsələn, bir dəfə avtobusda əlilliyi olan şəxsin istifadəsi üçün nəzərdə tutulan pandusun açılmasını istəyəndə sürücü "bizə icazə yoxdur" deyərək bunu etməkdən imtina edib. Halbuki pandus məhz bu insanların istifadəsi üçün nəzərdə tutulub. Əgər şəxs işləyirsə, hər gün taksidən istifadə etməsi də real deyil. Üstəlik, taksidə əlilliyi olan şəxslərin mindirilib-düşürülməsi də problem yaradır".
G.Orucova vurğulayıb ki, bəzən taksi sürücülərinin dayanmağa və ya kömək etməyə çəkindiklərini, cərimələnməkdən ehtiyat etdiklərini bildirərək sifarişi belə ləğv edirlər:
"Nəticədə əlilliyi olan bəzi şəxslər cəmiyyətdən təcrid olunur, hətta özləri evdən çıxmaq istəmirlər. "Əvvəllər yeriyirdim, indi arabada qonşuların arasına çıxa bilmərəm" kimi düşüncələr yaranır. Şəraitdən istifadə edə bilməmək insanın özünəinamını və özünə verdiyi dəyəri azaldır, özünü lazımsız hiss etməsinə, tənhalığa və depressiv vəziyyətə gətirib çıxara bilər. Ona görə də əlilliyi olan şəxslərin sərbəst hərəkəti üçün real və əlçatan şərait yaradılmalıdır. Bu çətinliklər aradan qaldırılmadıqca, onların cəmiyyətə tam inteqrasiyasından danışmaq çətindir".
2026-cı il mayın 6-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası tərəfindən təsdiqlənən və iyunun 3-dən qüvvəyə minən "Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları" (AzDTN 2.6-5) əlilliyi olan şəxslər və hərəkət imkanları məhdud digər əhali qrupları üçün maneəsiz və təhlükəsiz mühitin formalaşdırılmasına dair tələbləri müəyyən edir.
Komitədən "Report"a bildirilib ki, yeni qaydalar yalnız yeni tikilən bina və qurğulara deyil, həmçinin mövcud obyektlərin yenidən qurulması, əsaslı təmiri və uyğunlaşdırılması zamanı da tətbiq olunur. Qaydaların tələblərinə riayət olunması tikinti layihələrinin hazırlanması, normativ sənədlərə uyğunluğunun yoxlanılması, qanunvericiliklə nəzərdə tutulan hallarda ekspertizadan keçirilməsi, eləcə də tikinti işlərinin həyata keçirilməsi və obyektlərin istismara verilməsi mərhələlərində mövcud nəzarət mexanizmləri çərçivəsində təmin edilir.
Qeyd edilib ki, mövcud bina və qurğuların uyğunlaşdırılması zamanı onların konstruktiv və texniki xüsusiyyətləri nəzərə alınır. Yeni qaydalara əsasən, binanın bütün hissələrinin əlçatanlığını təmin etmək mümkün olmadıqda, ağlabatan uyğunlaşma prinsipi çərçivəsində əlilliyi olan şəxslərin əsas xidmətlərdən istifadə etməsi üçün giriş səviyyəsində müvafiq otaqların, zonaların və ya xüsusi sahələrin təşkili nəzərdə tutulur. Bu yanaşma yeni tikinti layihələrində universal dizayn prinsiplərinin tətbiqinə, mövcud obyektlərdə isə əlçatanlığın təmin edilməsi üçün müvafiq layihə həllərinin həyata keçirilməsinə xidmət edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə vurğulanıb ki, sağlamlıq imkanları məhdud sərnişinlər üçün ictimai nəqliyyata əlçatanlığın təmin olunması ilə bağlı müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara müvafiq tapşırıqlar verilib:
"Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı təşkil edilən müsabiqələr zamanı da sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunan nəqliyyat vasitələrinə üstünlük verilir".
Agentlikdən bildirilib ki, dövlət və özəl daşıyıcılar tərəfindən Azərbaycana gətirilən və ölkədə istehsal olunan avtobuslar panduslarla təchiz edilib:
"Hazırda pandusla təchiz edilmiş 2 142 avtobus paytaxtın müxtəlif marşrutlarında istismar olunur. Bu sayın artırılması və bu cür imkanları olan avtobusların istismara buraxılması istiqamətində işlər aparılır. Həmçinin 1 780 avtobusda dayanacaqların adlarının səsli elan edilməsini həyata keçirən qurğu mövcuddur. Daşıyıcılar tərəfindən yeni gətirilən avtobuslarda səslənmənin təmin edilməsi istiqamətində əlavə qurğuların quraşdırılması ilə bağlı texniki işlər görülür".
Beləliklə, əlilliyi olan şəxslər üçün müyəssər şəhər mühitinin yaradılması yalnız qanunvericilikdə tələblərin müəyyənləşdirilməsi ilə bitmir. Əsas məsələ bu tələblərin küçələrdə, ictimai nəqliyyatda, binalarda və gündəlik həyatda tətbiqidir. Çünki şəhərin əlçatanlığı yalnız pandusların sayı ilə deyil, hər bir insanın başqasının köməyinə ehtiyac duymadan sərbəst hərəkət edə bilməsi ilə ölçülür.
Mənbə: Report · 26.11.2026, 16:47 · orijinal məqalə