Barəsində çoxsaylı şikayətlər olan qadını polis saxladı

· 1 mənbə

Bakıda tanış olduğu kişiləri şantaj edən qadın həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.M. Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub.

Qadınla bağlı uzun müddət polisə şikayətlər daxil olub. Kişilər şikayətlərində yazıblar ki, təsadüfən tanış olduqları E.M. onlardan əvvəlcə görüş üçün pul istəyib. Pulu ala bilmədikdə isə müxtəlif üsullarla şantaj etməyə başlayıb.

Hazırda qadının hədə-qorxu ilə tələb etmə ilə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Zərərçəkmiş kişilərdən biri deyib ki, E.M. ilə maşınyuma məntəqəsində tanış olub. Bir müddət danışdıqdan sonra qadın onu şantaj edib, 200 manat verməyəcəyi təqdirdə evinə gəlib ailəsinin yanında onu biabır edəcəyi ilə hədələyib.

İşi araşdıran hakim Babək Pənahov deyib ki, E.M.-dən polisə çoxsaylı şikayətlər gedib. Demək olar, əksər polis şöbələrinə belə müraciətlər daxil olub. Sonda bütün bənzər materialları toplayaraq İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə təqdim ediblər.

Digər kişilər də elə bənzər üsulla şantaj edilib. Şantaj edilənlərin içində tanınmış məhkəmə hakimlərindən birinin qardaşı da var.

Təqsirləndirilən qadın isə özünü təqsirli bilmir. Yekunda təqsiri sübuta yetirilsə, onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.

Sail Ağasəlim

Mənbə: Qafqazinfo · 28.11.2026, 11:47 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo saytında oxu