Böyük Britaniyada xalis miqrasiya son 30 ilin minimumuna enib
· 1 mənbə
Bakı. Trend:
Böyük Britaniyada xalis miqrasiya iyun ayında başa çatan 12 aylıq dövrdə 77 min nəfər təşkil edib. Bu, koronavirus pandemiyası dövrü istisna olmaqla, son 30 ilə yaxın müddətin ən aşağı göstəricisidir.
Bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) məlumatlarında bildirilir.
Əvvəlki 12 aylıq dövrlə müqayisədə xalis miqrasiya 204 min nəfərdən 77 min nəfərə düşərək 62 faiz azalıb. Bu, xalis miqrasiyanın 48 min nəfər olduğu 1997-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Koronavirus pandemiyası zamanı isə səyahət məhdudiyyətləri səbəbindən bu rəqəm müvəqqəti olaraq 35 min nəfərə qədər enib.
Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud hökumətin xalis miqrasiyanı 77 min nəfərə endirdiyini bildirib. Onun sözlərinə görə, bu göstərici Mühafizəkarlar Partiyasının hakimiyyəti dövründə qeydə alınmış pik səviyyədən 92 faiz aşağıdır.
Dərc olunmuş məlumatlara əsasən, iyun ayına qədərki bir il ərzində Böyük Britaniyaya 738 min nəfər gəlib, 661 min nəfər isə ölkəni tərk edib.
Mənbə: Trend · 27.11.2026, 08:35 · orijinal məqalə