Brüsseldən Kiyevə zərbə: Ukrayna məhsullarının Aİ bazarına çıxışı məhdudlaşdırılır
· 1 mənbə
Polşanın təzyiqləri nəticəsində Avropa İttifaqı (Aİ) Ukrayna məhsullarının vahid bazara çıxışını məhdudlaşdırmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “Interia” nəşri məlumat yayıb.
Bildirilib ki, Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlarda Polşanın tələblərini nəzərə alıb. Belə ki, Ukraynanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı üçün keçid dövrlərinin tətbiqi nəzərdə tutulur.
Məhdudiyyətlərin əsasən taxıl, quş əti, yumurta və şəkər ixracına şamil ediləcəyi gözlənilir. Yeni qoruyucu mexanizmlər yükdaşıma sektorunu da əhatə edəcək.
Qeyd edək ki, 2023-cü ildə Ukraynadan ucuz ərzaq idxalının artması Polşada fermerlərin kütləvi etirazlarına və sərhəd blokadalarına səbəb olub. Məlumata görə, Fransa da öz kənd təsərrüfatı sektorunun qorunması üçün Brüsseldən oxşar təminatlar tələb edir.
Müəllif: Roza
Mənbə: Publika.az · 27.11.2026, 17:48 · orijinal məqalə