Bu cinayətlərin məhkəməsi qapalı keçirilir: Gizli məlumatları yayanların CƏZASI
· 1 mənbə
Məhkəmə zalının qapıları hansı hallarda ictimaiyyətin üzünə bağlanır? Hansı cinayət işləri jurnalistlərin iştirakı olmadan araşdırılır? Qapalı məhkəmə prosesində səsləndirilən məlumatların yayılması hansı hallarda cinayət məsuliyyəti yaradır? Dövlət sirrini açıqlayan şəxsləri neçə il həbs cəzası gözləyə bilər?
Lent.az qapalı məhkəmə proseslərinin keçirilmə səbəbləri, məxfi məlumatların qorunması və onların qanunsuz yayılmasına görə nəzərdə tutulan məsuliyyətlə bağlı qanunvericiliyi araşdırıb.
Məhkəmə hansı hallarda qapalı keçirilir?
Azərbaycan Respublikası Konstitusiyasına və prosessual qanunvericiliyə əsasən, məhkəmə proseslərinin açıq keçirilməsi əsas prinsipdir. Lakin müəyyən məlumatların qorunması məqsədilə məhkəmə iclası tamamilə və ya qismən qapalı keçirilə bilər.
Cinayət-Prosessual Məcəlləsinin 27-ci və Mülki Prosessual Məcəllənin 10-cu maddəsinə əsasən, dövlət, kommersiya və peşə sirrinin, şəxsi və ailə həyatına dair məlumatların, yetkinlik yaşına çatmayan şəxslərin maraqlarının, övladlığa götürmə, vərəsəlik, ixtira və vergi sirlərinin qorunması məhkəmə prosesinin qapalı keçirilməsinə əsas yarada bilər.
Cinsi zorakılıq, ailədaxili zorakılıq və azyaşlıların zərərçəkmiş olduğu işlərdə də qanunla qorunan maraqlar nəzərə alınaraq məhkəmənin qapalı keçirilməsi mümkündür.
Lakin məhkəmənin qapalı keçirilməsi orada səsləndirilən bütün məlumatların avtomatik olaraq dövlət sirri hesab edilməsi demək deyil.
Dövlət sirrini yayanları 8 ilədək həbs gözləyir
Azərbaycanda dövlət sirri hesab edilən məlumatların qanunsuz yayılmasına görə ciddi cinayət məsuliyyəti nəzərdə tutulur.
Cinayət Məcəlləsinin 284.1-ci maddəsinə əsasən, xidməti vəzifəsi və ya işi ilə əlaqədar dövlət sirrindən xəbərdar olan, yaxud belə məlumatlar ona etibar edilmiş şəxs həmin məlumatları yayarsa və əməlində dövlətə xəyanət əlamətləri olmazsa, 3 ildən 6 ilədək azadlıqdan məhrum edilə bilər.
Əməl ağır nəticələrə səbəb olduqda isə həbs müddəti 4 ildən 8 ilədək artır. Hər iki halda əlavə olaraq üç ilədək müəyyən vəzifə tutmaq və ya fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə nəzərdə tutulur.
Dövlət sirrinin qanunda göstərilən üsullarla qanunsuz əldə edilməsinə görə isə Cinayət Məcəlləsinin 284-1-ci maddəsi ilə 2 ildən 5 ilədək həbs cəzası tətbiq oluna bilər.
İstintaq məlumatlarını yaymaq da cinayətdir
Bəzən cinayət işi ilə bağlı ifadələr, ekspertiza nəticələri və istintaq sənədləri məhkəmə başlamadan sosial şəbəkələrdə yayılır.
Cinayət Məcəlləsinin 300-cü maddəsinə əsasən, məlumatların yayılmaması barədə qanuni qaydada xəbərdar edilmiş şəxs onları icazəsiz açıqlayarsa və bu, araşdırmaya mane olarsa, yaxud maraqlı şəxsə maddi və ya mənəvi ziyan vurarsa, cinayət məsuliyyəti daşıyır.
Bu əmələ görə 1000 manatdan 2000 manatadək cərimə, iki ilədək islah işləri və ya altı ayadək həbs cəzası nəzərdə tutulur.
Şəxsi görüntüləri yayanlar necə cəzalandırılır?
Qapalı məhkəmələrdə şəxsi yazışmalar, intim görüntülər, səs yazıları və ailə həyatına dair məlumatlar da araşdırıla bilər.
Cinayət Məcəlləsinin 156.1-ci maddəsində şəxsi və ailə həyatının sirrini təşkil edən materiallarla bağlı qanunsuz əməllərə görə 1000-2000 manat cərimə, 240-480 saat ictimai iş və ya bir ilədək islah işləri nəzərdə tutulur.
Vəzifəli şəxs qulluq mövqeyindən istifadə etməklə bu əməli törətdikdə iki ilədək həbs cəzası ilə üzləşə bilər.
Övladlığa götürmə sirrinin qanunsuz açıqlanması isə müəyyən hallarda Cinayət Məcəlləsinin 175-ci maddəsi ilə altı ayadək həbs cəzasına səbəb ola bilər.
Kommersiya və peşə sirrinin yayılması
Şirkətlərin maliyyə hesabatları, məxfi müqavilələri, bank əməliyyatları, istehsal texnologiyaları və digər kommersiya məlumatları da məhkəmələrin qapalı keçirilməsinə səbəb ola bilər.
Cinayət Məcəlləsinin 202-ci maddəsinə əsasən, kommersiya və ya bank sirrinin yayılması məqsədilə qanunsuz üsullarla əldə edilməsinə görə iki ilədək həbs cəzası nəzərdə tutulur.
Həmçinin həkim, vəkil və digər peşə sahiblərinin xidməti fəaliyyətləri zamanı əldə etdikləri məxfi məlumatların qanunsuz açıqlanması əməlin xüsusiyyətindən asılı olaraq intizam, mülki, inzibati və ya cinayət məsuliyyəti yarada bilər.
Azərbaycanda baş vermiş səs-küylü hadisə
Dövlət sirrinin yayılması ilə bağlı Azərbaycanda gündəmə gələn hadisələrdən biri hərbi ekspert Ədalət Verdiyevin cinayət işidir.
O, 2024-cü ilin noyabrında işğaldan azad edilmiş ərazilərə təşkil olunan mediatur zamanı hərbi mövqelərlə bağlı məxfi məlumatları sosial şəbəkədə yaymaqda ittiham edilib.
2025-ci il martın 5-də Nəsimi Rayon Məhkəməsində onun cinayət işi üzrə hazırlıq iclası qapalı keçirilib.
Bu hadisə sosial şəbəkələrdə yayımlanan görüntülərin də dövlət sirrinin qorunması ilə bağlı cinayət araşdırmasının predmetinə çevrilə biləcəyini göstərir.
Jurnalistlər və bloqerlər məsuliyyət daşıyırlarmı?
Qapalı məhkəmə prosesindən sızdırılan məlumatların jurnalistlər, bloqerlər və sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılması da hüquqi məsuliyyət yarada bilər. Bununla belə, hər bir şəxsin məsuliyyəti məlumatın xarakterindən, əldə edilmə üsulundan və konkret cinayət tərkibinin mövcudluğundan asılıdır.
Məlumatın əvvəllər internetdə yayımlanması onun təkrar paylaşılmasını avtomatik olaraq qanuni etmir.
Dünya təcrübəsində vəziyyət necədir?
Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində də milli təhlükəsizlik, ictimai qayda, əxlaq, azyaşlıların maraqları və şəxsi həyatın qorunması məqsədilə məhkəmələrin tamamilə və ya qismən qapalı keçirilməsi nəzərdə tutulur.
Bununla belə, məhkəmə iclasının qapalı keçirilməsi əsaslandırılmalı və zəruri həddi aşmamalıdır.
Beləliklə, qapalı məhkəmə prosesindən məlumat yaymaq üçün vahid cəza mövcud deyil. Açıqlanan məlumatın hüquqi statusundan və əməlin nəticələrindən asılı olaraq şəxsi pul cəriməsindən uzunmüddətli həbsədək müxtəlif cəzalar gözləyə bilər.
Mənbə: Lent.az · 25.11.2026, 11:25 · orijinal məqalə