Cəlilabadda iri fermer təsərrüfatlarına növbəti baxış keçirilib
· 1 mənbə
Prezidentin 25 may 2026-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlərlə yerində tanış olmaq məqsədilə bu gün Cəlilabad rayonunda fəaliyyət göstərən iri fermer təsərrüfatlarına növbəti baxış keçirilib.
“Qafqazinfo” xəbər verir ki, baxışda Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik siyasəti şöbəsi müdirinin müavini – sektor müdiri İzzət Talıbov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Qalib Xudaverdiyev, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Vahid Mirzəyev, Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov və Cəlilabad Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Arif Həsənov iştirak ediblər.
Manitorinq zamanı iri fermer təsərrüfatlarının fəaliyyəti ilə tanış olunub, istehsal imkanları, mövcud vəziyyət və təsərrüfatların inkişaf perspektivləri nəzərdən keçirilib. Fermer və sahibkarlarla keçirilən görüşlərdə onların fəaliyyətləri zamanı qarşılaşdıqları çətinliklər dinlənilib, qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb. Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Qalib Xudaverdiyev cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafına göstərilən diqqət və dəstəyin regionlar üçün yeni imkanlar yaratdığını bildirib. O, kənd təsərrüfatının Cəlilabad rayonunun iqtisadi inkişafında, məşğulluğun artırılmasında və əhalinin sosial rifahının yüksəldilməsində mühüm yer tutduğunu qeyd edərək, Dövlət Proqramının qarşıya qoyduğu hədəflərin rayonun aqrar potensialının daha da gücləndirilməsinə töhfə verəcəyini vurğulayıb.
Prezident Administrasiyasının sektor müdiri Dəyanət Abdullayev Dövlət Proqramının aqrar sahədə mövcud imkanların genişləndirilməsi və istehsal potensialının səmərəli reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, proqramın kənd təsərrüfatında müasir texnologiyaların və innovativ yanaşmaların tətbiqini, məhsul istehsalı və emalının inkişafını, dəyər zəncirinin gücləndirilməsini, eləcə də fermer və sahibkarlara göstərilən dəstəyin artırılmasını nəzərdə tutduğunu bildirib.
Cəlilabadlı fermer və sahibkarlar Dövlət Proqramının icrası ilə bağlı növbəti dövr üçün hədəflərini açıqlayıb, qarşılaşdıqları çətinlikləri diqqətə çatdırıblar. Onlar Dövlət Proqramının icrasına ilə bağlı iştirak edəcəklərini bildirib, nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması üçün bütün potensiallarını səfərbər edəcəklərini vurğulayıblar.
Sahibkarlar göstərilən dövlət dəstəyinə görə Prezident İlham Əliyevə bir daha minnətdarlıqlarını bildirmişlər.
Mənbə: Qafqazinfo · 26.11.2026, 18:26 · orijinal məqalə