Dünya mediası Türkiyə-Liviya yaxınlaşmasından yazır: “Analoqu görünməmiş hadisə”
· 1 mənbə
Türkiyə ilə Liviya arasında münasibətlərdə yeni mərhələnin başlandığı bildirilir. Liviya Milli Ordusunun Baş Komandanı, marşal Xəlifə Haftarın Ankaraya ilk rəsmi səfəri beynəlxalq medianın diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə “Milliyet” nəşri məlumat yayıb.
Bildirilib ki, Haftar nümayəndə heyəti ilə birlikdə Ankarada bir sıra yüksək səviyyəli diplomatik görüşlər keçirib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunub.
Səfərdən əvvəl Liviya Nümayəndələr Palatasının Türkiyə ilə dəniz yurisdiksiyası sahələrinin delimitasiyasına dair sazişi təsdiqləməsi, həmçinin Ankarada “Vahid Liviya” istiqamətində diplomatik təmasların aparılması iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
İsrailin “Times of Israel” nəşri Türkiyə-Liviya münasibətlərində yeni dövrün başladığını yazaraq, Haftarın görüşlərini etimadın qurulması istiqamətində mühüm addım və yeni mərhələnin əsası kimi qiymətləndirdiyini qeyd edib.
“Əl-Qüds” qəzeti səfəri Ankara ilə Şərqi Liviya arasındakı münasibətlərdə dönüş nöqtəsi adlandırıb. ABŞ-ın “Al Monitor” nəşri isə “Bundan sonra nə olacaq?” sualını gündəmə gətirərək Ərdoğanın dekabrın 8-də Tripolidə keçiriləcək Türkiyə-Afrika Tərəfdaşlıq Zirvə toplantısında iştirak etmək üçün Liviyaya səfər edəcəyini yazıb.
Liviya mətbuatından “Libya Observer” görüş zamanı tərəflərin regional və beynəlxalq məsələləri, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini, eləcə də Liviyada dövlət institutlarının birləşdirilməsi və davamlı sabitliyin təmin olunmasını müzakirə etdiyini bildirib.
Misirin “Daily News Egypt” nəşri Haftarın altı ildən sonra Türkiyəyə ilk rəsmi səfərini xüsusi vurğulayıb. Nəşrin qənaətinə görə, bu addım Ankaranın Liviya siyasətində yalnız bir tərəfi dəstəkləməkdən uzaqlaşaraq ölkənin şərqi və qərbi arasında yaxınlaşmaya nail olmaq istiqamətində atdığı addımları nümayiş etdirir.
Fransanın “RFI” radiosu isə Ankaranın Liviyanın şərqi və qərbi arasında fikir ayrılıqlarını aradan qaldırmağa, vahid idarəetmə orqanının yaradılmasına və siyasi həll prosesinə dəstək verməyə çalışdığını yazıb.
İspaniyanın “Democrat” nəşri Haftarın Ankaraya səfərini “analoqu görünməmiş” hadisə kimi xarakterizə edib. Bildirilib ki, bu səfər Türkiyə ilə Şərqi Liviya hakimiyyət nümayəndələri arasında tədricən güclənən yaxınlaşmanın göstəricisidir.
Müəllif: Roza
Mənbə: Publika.az · 26.11.2026, 10:12 · orijinal məqalə