Ekspert: Kənd təsərrüfatının uçotu sosial-iqtisadi qərarların qəbulunda mühüm əhəmiyyət daşıyır
· 1 mənbə
“Kənd təsərrüfatının uçotunun aparılması əhalinin gündəlik həyat şəraitinin öyrənilməsi, onların sosial vəziyyətinin dəqiq qiymətləndirilməsi və məşğulluqla bağlı məsələlərin aydınlaşdırılması baxımından olduqca mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri APA-ya açıqlamasında "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli deyib.
Uçot sosial-iqtisadi sahədə düzgün qərarların qəbul olunması üçün əhəmiyyətlidir
O bildirib ki, müasir dövrdə qabaqcıl ölkələrdə kənd təsərrüfatının uçotu sosial-iqtisadi qərarların qəbul edilməsində əsas baza hesab olunur: “Məlumat əsaslı qərarların verilməsi müasir idarəetmənin təməl sütununu təşkil edir. Bu baxımdan, kənd təsərrüfatı sahəsində uçotun aparılması həm ölkəmizin inkişaf hədəflərinin düzgün müəyyən edilməsi, xüsusilə sosial-iqtisadi sahədə düzgün qərarların qəbul olunması və müvafiq addımların atılması baxımından olduqca əhəmiyyətlidir.
Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bu məsələyə ciddi və məsuliyyətlə yanaşmalıdır. Kənd təsərrüfatı sahəsində uçotun aparılması zamanı məlumatlar nə qədər dəqiq və etibarlı toplanarsa, qərarların düzgün qəbul edilməsi imkanı da bir o qədər artar. Eyni zamanda, bu məlumatların etibarlı şəkildə toplanması, xüsusilə gələcək planlaşdırma baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
Uçot məlumatları mövcud problemlərin və zəif tərəflərin müəyyənləşdirilməsinə imkan verəcək
Məlumatlar toplandıqdan sonra müəyyən zaman kəsiyində trendləri, eləcə də mövcud zəif tərəfləri görə bilirik. Bunlar adekvat şəkildə aradan qaldırılmalıdır. Kənd təsərrüfatı sahəsində uçotun aparılması müasir tələblərə uyğun olaraq daha etibarlı, detallı və geniş spektrli məlumatların əldə edilməsini nəzərdə tutur.
Bu baxımdan, Azərbaycanda 2027-ci ildə bu tədbirlər “myGov” platforması üzərindən tam rəqəmsal formada həyata keçiriləcək. Azərbaycan da bu istiqamətdə yenilikləri artırıb. Düşünürəm ki, hər birimiz bu prosesə dəstək verməli və maraqlı olmalıyıq ki, uçot məlumatları əsasında qərarvermə mexanizmi ölkəmizdə də inkişaf etsin, obyektiv məlumatlar formalaşsın və xüsusilə sosial-iqtisadi sahədə qərarlar məhz bu obyektiv və düzgün məlumatlar əsasında qəbul edilsin”, – deyə o qeyd edib.
Mənbə: APA · 24.11.2026, 15:05 · orijinal məqalə