Eto’o Fransa futbolunun əfsanəsini təhqir etdi, üzr istəməsini istədi

· 1 mənbə

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto’o Fransanın sabiq futbolçusu, hazırda idman şərhçisi kimi fəaliyyət göstərən Kristof Düqarri ilə sərt polemikaya girib.

Publika.az xəbər verir ki, mübahisəyə Düqarrinin Afrika Futbol Konfederasiyasını (CAF) və FIFA-nın üzv federasiyalara ayırmağı planlaşdırdığı maliyyə vəsaitlərini tənqid etməsi səbəb olub.

Eto’o sosial şəbəkədə paylaşdığı açıqlamada fransalı sabiq futbolçunu futbol siyasəti barədə kifayət qədər məlumatlı olmamaqda və faktları qarışdırmaqda ittiham edib.

“Yaxşı futbolçu olmağınız sizə futbol haqqında başqalarından daha yaxşı danışmaq hüququ vermir. Bu, futbol idarəçiliyi və siyasətindən də yaxşı baş çıxardığınız anlamına gəlmir”, – deyə o bildirib.

Kamerun Futbol Federasiyasının rəhbəri daha sonra istehzalı ifadələrlə Düqarrinin açıqlamalarına münasibət bildirib. O, FIFA-nın 211 üzv federasiyasının, o cümlədən Avropa ölkələrinin futbol qurumlarının da eyni məbləğdə maliyyə alacağını xatırladıb.

Eto’o fransalı şərhçidən CAF haqqında yanlış məlumat yaydığına görə ictimaiyyət qarşısında üzr istəməsini də tələb edib. Onun sözlərinə görə, səhv etmək insana xas olsa da, yanlış məlumatı düzəltmək və bunu etiraf etmək vacibdir.

O, həmçinin Düqarrinin CAF prezidenti Patris Motsepe ilə münasibətləri barədə danışmasına etiraz edib: “Cənab Düqarri, xahiş edirəm, Motsepini dostunuz kimi təqdim etməyin. Siz fərqli dünyalara aidsiniz və daşıdığınız məsuliyyətlər müqayisə oluna bilməz”.

Qeyd edək ki, mübahisə FIFA prezidenti Canni İnfantinonun Afrika federasiyalarına 25 milyon dollar ayrılması ilə bağlı açıqlamasından sonra yaranıb. Düqarri Fransanın RMC radiosunda yayımlanan proqramda Afrika federasiyalarının İnfantinonu ayaqüstə alqışlamasını tənqid edərək bunu “canlı yayımda korrupsiya” adlandırmışdı.

Əslində, FIFA-nın 2027-2030-cu illəri əhatə edən maliyyələşdirmə planı yalnız Afrika ölkələrini deyil, qurumun 211 üzv federasiyasının hamısını əhatə edir. Hər federasiyaya 25 milyon dollaradək vəsait ayrılması nəzərdə tutulur. Proqram futbol infrastrukturunun, gənclər və qadın futbolunun inkişafına yönəlib. Bununla belə, təşəbbüsün qüvvəyə minməsi üçün müvafiq prosedurların, o cümlədən 2027-ci ilin martında keçiriləcək konqresdə təsdiqin tamamlanması tələb olunur.

Mənbə: Publika.az · 28.11.2026, 19:48 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu