Eyzenkot və Netanyahu razılığa gələ bilməyib, İsraildə azlıq hökuməti qurula bilər
· 1 mənbə
Bu gün Yaşar Partiyasının lideri Qadi Eyzenkot və Baş nazir, Likud Partiyasının sədri Benyamin Netanyahu arasında keçirilən görüş nəticəsiz başa çatıb.
İsrail mediası xəbər verir ki, Tel-Əvivdəki “Kirya” hərbi qərargahında iki saat davam edən görüşdə Qadi Eyzenkot Benyamin Netanyahuya onu hakimiyyətdən uzaqlaşdırmağı hədəfləyən siyasi bloka sadiq qaldığını bildirib.
Görüşdə keçmiş nazir Ron Dermer də iştirak edib. Yaşar Partiyasının lideri Likud Partiyasının rəhbərlik edəcəyi hökumətə qoşula biləcəyini, lakin bunun üçün koalisiyanın əsas prinsiplərini qəbul etməli olduğunu qeyd edib.
Danışıqlar başa çatdıqdan sonra “Yaşar” və “Likud” birgə bəyanat yayaraq müzakirələrin “işgüzar şəraitdə keçirildiyini, hər iki tərəfin aralarındakı ciddi fikir ayrılıqlarını aradan qaldırmağa çalışdığını” bildiriblər.
Qeyd edək ki, Netanyahu şənbə axşamı birlik hökuməti yaratmağa hazır olduğunu açıqlayıb. Netanyahu təklif edib ki, Baş nazirin müavini vəzifəsini tutsun və rotasiya razılaşması çərçivəsində baş nazir postunu ikinci mərhələdə icra edtsin. O, bu təklifini “mövcud ekzistensial təhlükənin miqyası və həmin təhlükənin öhdəsindən gələ bilməyəcək hökumətin formalaşması ehtimalı” ilə əsaslandırıb.
Tərəflər birgə bəyanat yaymazdan əvvəl Yaşar Partiyasının parlament fraksiyasının rəhbəri, deputat Roy Folkman Netanyahonu əvəzləməyi hədəfləyən blokun fraksiya rəhbərlərinə göstəriş verib ki, deputatların gələn bazar ertəsinədək parlament səsvermələrində iştirak üçün hazır olmalarını təmin etsinlər. O, bunu xüsusi hazırlıq tədbirləri ilə əlaqələndirib.
Bu göstərişlər Eyzenkotun cari həftə ərzində Prezident İsxak Hersoqa hökuməti formalaşdırmağa nail olduğu barədə məlumat verməsi və gələn bazar ertəsinədək hökuməti Knessetin səsverməsinə çıxarması ehtimalı ilə bağlıdır.
Eyzenkotun blokunda fikir ayrılıqları
Birlik hökumətinin yaradılması ilə bağlı danışıqların başa çatmasına baxmayaraq, Eyzenkotun rəhbərlik etdiyi blok daxilində hökumətin formalaşdırılması üçün hansı yolun seçilməsi barədə fikir ayrılıqları qalmaqdadır.
“İsrail Beytenu” partiyasının sədri Aviqdor Liberman bazar günü “Beyaxad” partiyasının sədri Naftali Benneti Netanyahu ilə birlik hökuməti yaratmaq istiqamətində göstərdiyi səylərə görə açıq şəkildə tənqid edib.
Libermanın paylaşımı blokun liderləri arasındakı fikir ayrılıqlarını üzə çıxarıb. Liberman ultraortodoks yəhudilərin dəstəyi ilə hökumət qurulmasını müdafiə etdiyi halda, Bennet Eyzenkotun rotasiya razılaşması əsasında əvvəlcə baş nazir olacağı birlik hökumətinin yaradılmasına çalışır.
“Demokratlar” partiyasının sədri Yair Qolan isə Eyzenkotun “Likud”la danışıqları dayandırmaq qərarını alqışlayıb.
Bu arada, bazar günü “Yaşar” və “Beyaxad” partiyaları arasında koalisiya sazişi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub. Bununla belə, Bennet yekun sazişi imzalamazdan əvvəl ultraortodoks yəhudilərin hərbi xidmətə çağırılması ilə bağlı çərçivə sənədini nəzərdən keçirməkdə israr edir.
Mənbə: APA · 29.11.2026, 19:53 · orijinal məqalə