Ukraynanın kənd təsərrüfatı sektorunda iflas riski artır

· 1 mənbə

Qara dənizdə hücumların intensivləşməsi, ixrac edilə bilməyən taxıl ehtiyatlarının artması və kredit resurslarına çıxışın çətinləşməsi Ukraynanın kənd təsərrüfatı sektorunda vəziyyəti ağırlaşdırır.

Ölkənin aparıcı kənd təsərrüfatı məhsulları ticarəti şirkətlərindən biri olan “Nibulon”un baş icraçı direktoru Andriy Vadaturskinin sözlərinə görə, ilk iflas hallarına artıq gələn yaz fəslində da rast gəlinə bilər.

Şirkət rəhbəri bildirib ki, ukraynalı istehsalçılar Rusiyanın ölkəyə qarşı apardığı müharibə dövründə fəaliyyətlərini davam etdirmələrinə imkan verən maliyyə ehtiyatlarını tükədiblər. İxrac oluna bilməyən taxıl ehtiyatlarının artması isə daxili bazarda qiymətlərin aşağı düşməsinə səbəb olur.

A.Vadaturski bankların da kredit verməkdə əvvəlki qədər maraqlı olmadığını vurğulayıb. Onun sözlərinə görə, mövcud vəziyyət davam edərsə, gələn ilin yayınadək ilk iflas hallarının qeydə alınması mümkündür.

“Bəzi iflas hallarının artıq yaz aylarında baş verəcəyini gözləyirəm. Gəlirlər azalır. Ukraynalı ixracatçılar və fermerlər hər tərəfdən təzyiq altındadırlar”, – deyə o bildirib.

“Bloomberg” agentliyinin məlumatına görə, “Nibulon” rəhbərinin açıqlamaları qlobal kənd təsərrüfatı məhsulları təchizatı baxımından mühüm əhəmiyyət daşıyan Ukrayna sektorunda təzyiqlərin artdığını göstərir. Kənd təsərrüfatı ölkənin ixrac gəlirlərinin yarıdan çoxunu təmin edir.

İyul ayından etibarən Rusiya və Ukrayna qarşılıqlı olaraq bir-birinin taxıl infrastrukturlarına hücumları intensivləşdirib. Bu hücumlar daşımaları çətinləşdirib, satıla bilməyən məhsulların isə təsərrüfatlarda yığılmasına səbəb olub. Rusiyanın Ukraynada emal müəssisələrinə hücumlarını artırması da vəziyyəti daha da ağırlaşdırır.

Cari mövsümdə Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı indiyədək üçdəbir azalıb. Ukrayna Mərkəzi Bankının hesablamalarına görə, gəlirlərin azalması nəticəsində bu itkilərin ilin ikinci yarısında ölkənin kənd təsərrüfatı sektoruna təxminən 4,6 milyard dollara başa gələcəyi gözlənilir.

İstehsalçılar yanacaq və gübrə xərclərinin artdığı, əmtəə ticarətinin maliyyələşdirilməsi imkanlarının məhdudlaşdığı bir şəraitdə daxili bazarda məhsul qiymətlərinin kəskin ucuzlaşması ilə də üzləşirlər.

1991-ci ildə yaradılan və Ukraynanın cənubundakı Nikolayev liman şəhərində yerləşən “Nibulon” ölkənin beş ən böyük taxıl ixracatçısından biridir. Şirkət illər ərzində kənd təsərrüfatı məhsullarını Dnepr və Cənubi Buq çayları vasitəsilə daşımaq, daha sonra isə Qara dəniz üzərindən ixrac etmək üçün geniş logistika şəbəkəsi yaradıb. Lakin Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları bu fəaliyyət sistemini pozub. Hücumlar nəticəsində şirkətin aktivlərinin əhəmiyyətli hissəsi dağıdılıb. “Nibulon”un təsisçisi və A.Vadaturskinin atası Aleksey Vadaturski də hücumlar zamanı həyatını itirib.

Şirkət rəhbərinin sözlərinə görə, müstəqil qiymətləndirmənin nəticələrinə əsasən, “Nibulon”un 2025-ci il dekabrın 31-dək olan ümumi itkiləri təxminən 573 milyon dollar təşkil edib. Logistik çətinliklər səbəbindən şirkətin aylıq ixrac həcmi 150-200 min ton arasında dəyişir. Müharibədən əvvəl isə bu göstərici 350 min tona qədər yüksəlirdi.

Nikolayev limanı 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlarının ilk günlərindən etibarən bağlıdır. Dnepr-Buq limanına çıxışı nəzarətdə saxlayan Kinburn yarımadası da Rusiya qüvvələrinin nəzarəti altındadır.

Nikolayev şəhərinin yüksək riskli ərazi statusuna malik olması şirkətin aktivlərini müharibə ilə bağlı risklərdən sığortalamağı son dərəcə çətinləşdirir. Banklar da müharibə riski daşıyan aktivləri kredit təminatı kimi qəbul etməyə ehtiyatla yanaşırlar. Bu isə əlavə bank maliyyələşməsinə çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bundan başqa, generatorlar və sığınacaqlar kimi infrastruktur obyektlərinin qurulması və saxlanılması da şirkətin maliyyə yükünü artırır.

Mənbə: Banker.az · 29.11.2026, 20:03 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu