“Fənərbağça” “Arsenal”in ulduzunu transfer edir?
· 1 mənbə
“Fənərbağça” qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək üçün “Arsenal”in ispaniyalı futbolçusu Kristian Moskeranı heyətinə qatmaq istəyir.
Publika.az xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı müdafiəçinin icarəyə götürülməsi ilə bağlı İngiltərə klubuna rəsmi təklif göndərib.
“Fanatik” nəşrinin məlumatına görə, “Arsenal”da kifayət qədər oyun şansı qazanmayan Moskeranın inkişafı üçün icarəyə göndərilməsinə müsbət yanaşılır. Hazırda hər iki klub futbolçunun qərarını gözləyir.
İspaniyalı oyunçu “Fənərbağça”ya keçməyə razılıq verərsə, tərəflər transferin maliyyə və idman şərtlərini müzakirə edəcəklər.
Məlumata əsasən, “Arsenal” icarə müqaviləsində Moskeranın müəyyən sayda matçda meydana çıxmasına zəmanət verilməsini istəyir. “Fənərbağça” isə ingilislərin futbolçunun maaşının bir hissəsini ödəməsini gözləyir. Transferin satınalma hüququ olmadan reallaşması ehtimalı daha yüksək qiymətləndirilir.
Lakin İstanbul klubu bu keçid uğrunda rəqabətlə üzləşib. “İnter”, “Benfika”, “Əl-Nəsr” və “Əl-Hilal” da gənc müdafiəçinin xidmətində maraqlıdır. “Benfika”nın icarə yarışında “Fənərbağça”nın əsas rəqibi olacağı bildirilir.
Qeyd edək ki, həm mərkəz müdafiəçisi, həm də sağ cinah müdafiəçisi mövqeyində oynaya bilən Mosquera 2025-ci ilin yayında “Valensiya”dan 15 milyon avroya “Arsenal”a transfer olunub. Onun hazırkı bazar dəyəri 40 milyon avro göstərilir.
İspaniyanın U-21 millisində 15 oyun keçirən futbolçu bu mövsüm “Arsenal”ın heyətində 5 rəsmi matçda meydana çıxıb və ümumilikdə 377 dəqiqə oynayıb.
Mənbə: Publika.az · 28.11.2026, 17:19 · orijinal məqalə