Məşhur futbolçunun gələcəyi sual altına düşdü
· 1 mənbə
“Mançester Siti”nin italiyalı qapıçısı Canluici Donnarummanın gələcəyi sual altına düşüb. Enzo Mareskanın oyun fəlsəfəsinə uyğunlaşmaqda çətinlik çəkən 27 yaşlı qolkiperin mövsümün sonunda komandadan ayrılması gündəmə gəlib.
Publika.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Məlumata görə, Donnarummanın klubla 2030-cu ilin yayına qədər müqaviləsi olsa da, “Mançester Siti”nin gələcək planlarında yer almaya bilər. Onun hazırkı baş məşqçi Enzo Mareskanın oyun tələblərinə uyğunlaşa bilməməsi əsas səbəblərdən biri kimi göstərilir.
İtaliyalı qapıçının ən böyük problemi hücumların arxadan qurulmasında iştirakıdır. Mareska qapıçının topla davranışına və oyun quruculuğuna xüsusi önəm verir. Lakin Donnarummanın bu komponentlərdə gözlənilən səviyyədə çıxış etmədiyi bildirilir.
O, PSJ, “Leypsiq” və “Aston Villa” ilə oyunlarda etdiyi səhvlərə görə tənqid olunsa da, bəzi qarşılaşmalarda möhtəşəm seyvləri ilə yüksək səviyyəsini nümayiş etdirib.
Mümkün dəyişikliklər yalnız Donnarumma ilə məhdudlaşmaya bilər. Bildirilir ki, “Mançester Siti” rəhbərliyi ehtiyat qapıçı Xeronimo Rullinin də komandadan ayrılmasını nəzərdən keçirir. Belə olan halda, klub növbəti mövsüm üçün iki yeni qapıçı axtarışına başlaya bilər.
Donnarummanın transferində əsas maneələrdən biri isə yüksək maaşıdır. Onun İngiltərə klubunda illik xalis qazancının təxminən 12 milyon avro olduğu bildirilir. Qapıçının bazar dəyəri isə 45-50 milyon avro arasında qiymətləndirilir.
Mümkün transfer istiqamətləri arasında Səudiyyə Ərəbistanı və Türkiyə klublarının adı çəkilir. İngiltərədə “Çelsi” və “Liverpul”un, Almaniyada isə “Bayern”in italiyalı qolkiperlə maraqlana biləcəyi iddia olunur.
Qeyd edək ki, Donnarumma 2025-ci ilin sentyabrında PSJ-dən “Mançester Siti”yə keçib və klubla 2030-cu ilə qədər müqavilə imzalayıb.
Mənbə: Publika.az · 28.11.2026, 17:53 · orijinal məqalə