FHN avtomobildə sıxılı qalan şəxsi xilas etdi
· 1 mənbə
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Müşkür kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “VAZ” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Abbasov Əkrəm Əsəd oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə: Qafqazinfo · 28.11.2026, 09:54 · orijinal məqalə