KTMT: Ermənistanın təşkilatdan çıxarılması məsələsi gündəmdə deyil
· 2 mənbə
Bakı. Trend:
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təşkilatdan xaric edilməsi məsələsini müzakirə etmir və ölkə kollektiv təhlükəsizlik zəmanətlərini qoruyub saxlayır.
Bu barədə KTMT-nin baş katibi Talatbek Masadıkov TASS agentliyinə və “Avrazimut” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistanla bağlı təşkilatın Nizamnaməsinin müvafiq müddəasının tətbiqi məcburi tədbirdir və maliyyə intizamının tələbləri ilə əlaqədardır.
Baş katib qeyd edib ki, Ermənistan 2024-cü ildən etibarən üzvlük haqlarını ödəməyi dayandırıb. Təşkilatın Nizamnaməsinə əsasən, iki ildən artıq davam edən borc üzv dövlətin səsvermə hüququnun, eləcə də kvota əsasında vəzifələrə namizədlər irəli sürmək imkanının məhdudlaşdırılmasına səbəb olur.
“Bununla belə, Ermənistanın KTMT-dən çıxarılması məsələsi gündəmdə deyil və ölkə kollektiv təhlükəsizlik zəmanətlərini qoruyub saxlayır”, - Masadıkov vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Moskvada keçirilən sammitdə KTMT-yə üzv dövlətlərin liderləri Ermənistanın təşkilatda səsvermə hüququnun, eləcə də öz nümayəndələrini məsul vəzifələrə irəli sürmək imkanının məhdudlaşdırılması barədə qərar qəbul ediblər.
Mənbə: Trend · 28.11.2026, 10:15 · orijinal məqalə