“Forbes”: Vyetnam milyarderləri ABŞ-nin tarif açıqlamasından sonra 3 milyard dollar itirib
· 1 mənbə
Vyetnamın 8 zəngin adamı ABŞ-nin yeni tarif açıqlamasından sonra səhmlərin son 4 ayın ən kəskin enişi fonunda ümumilikdə təxminən 3 milyard ABŞ dolları itirib.
“Forbes” jurnalına əsasən, birjalarda ticarət sessiyasının sonunda onların ümumi sərvəti noyabrın 25-i ilə müqayisədə 2,98 milyard dollar azalaraq 53,3 milyard dollara düşüb.
Ən böyük itki ilə “Vingroup”un sədri Fam Nhat Vuonq (2,2 milyard dollar) üzləşib. Onun sərvəti 35,7 milyard dollara enib. Bununla belə, Fam Nhat Vuonq Cənub-Şərqi Asiyanın ən varlı adamı olaraq qalır. Noyabrın 26-da ən böyük itkilərə məruz qalan digər şəxslər “Vingroup”un vitse-prezidenti – Vuonqun həyat yoldaşı Fam Thu Huonq və baldızı Fam Thuy Hanq olublar. Onların itkiləri müvafiq olaraq 271 milyon və 191 milyon dollar təşkil edib. Nəticədə Vuonqun ailəsi ən böyük itkiyə məruz qalan ailə olub.
“Vietjet”in, “Techcombank”ın, “Hoa Phat”ın rəhbərlərinin hər biri təxminən 100 milyon dollar itiriblər. İtki ilə üzləşənlər arasında “VPBank”ın və “Masan Group”un rəhbərləri də var.
Qeyd edək ki, noyabrın 26-da birjalarda “VN-Index”in təxminən 58 bənd və ya 3,4 faiz azalaraq 1629,68 səviyyəsinə düşməsi milyarderlərin sərvətlərinin ümumi şəkildə azalmasına səbəb olub. Bu kütləvi satış dalğası ABŞ Ticarət Nümayəndəsinin noyabrın 25-də Vyetnam mallarına 35 faizədək əlavə rüsumlar tətbiq etmək təklifindən sonra baş verib. Təklif hələ qüvvəyə minməyib. Vyetnam Sənaye və Ticarət Nazirliyi bildirib ki, əgər hər iki ölkə qarşılıqlı ticarət sazişi əldə edə bilsə, bu rüsum dərəcəsi 20 faizədək azaldıla bilər.
Mənbə: Banker.az · 26.11.2026, 19:37 · orijinal məqalə