Fuad Axundov: Regionda yeni mərhələ başlayıb və erməni alimləri əməkdaşlıq üçün imkanlar yaranıb

· 2 mənbə

Bakı. Trend:

Azərbaycan və Ermənistan alimləri qarşılıqlı səfərlər təşkil edərək Qafqaz Albaniyasının tarixi irsinin öyrənilməsi üzrə əməkdaşlığa başlaya bilərlər.

Trend-in müxbiri xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov “Qafqaz Albaniyasının xristian kilsəsi Yaxın Şərq sivilizasiyası kontekstində” adlı XIII beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

“İndi isə yeni dövr başlayıb. Mətbuatı oxuyuruq, mən də hiss edirəm və başa düşürəm ki, bu özünəməxsus yenidənqurma şəraitində erməni və azərbaycanlı alimlərin əməkdaşlığa başlamaq şansı var. Mən bunda müsbət nəticə görürəm. Nəhayət, sərhədin hər iki tərəfində həqiqəti tapmaq mümkün olar. Düşünürəm ki, bu, çox səmərəli olacaq”, -deyə F.Axundov bildirib.

F.Axundov sərhədin delimitasiyası üzrə azərbaycanlı ekspertlərin Ermənistanda olmasını xatırladaraq alimlər arasında da qarşılıqlı səfərlərin mümkün olduğunu qeyd edib. O, erməni alimlərini Gəncəsər monastırındakı kitabəyə yerində baxmağa dəvət edib.

“Artıq konstruktiv işləməyin mümkün olduğu bir dövr başlayıb. Bəs niyə erməni alimləri də gəlməsinlər, niyə belə qarşılıqlı səfərlər olmasın? Həmin kitabəni onlara məmnuniyyətlə göstərərdim”, - deyə o əlavə edib.

F. Axundovun sözlərinə görə, kitabədə kilsənin 1240-cı ildə alban katolikosu Nersesin patriarxlığı dövründə tikildiyi göstərilir. O, kitabəyə marağının Qafqaz Albaniyasının tədqiqatçısı Fəridə Məmmədovanın Gəncəsərə səfəri barədə danışdıqlarından yarandığını bildirib.

F.Axundov çıxışında Fəridə Məmmədova və Ziya Bünyadovun Qafqaz Albaniyasının irsinin öyrənilməsi istiqamətində gördükləri işləri də xatırladıb.

Mənbə: Trend · 27.11.2026, 11:00 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu