Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
· 2 mənbə
Qeyd olunub ki, iştirakçılar imtahanın başlanmasına 1 saat 30 dəqiqə qalmış binada olmalı, şəxsiyyətlərini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.
Kompüter vasitəsilə və təhsilverənin tədris apardığı dildə keçiriləcək imtahanda hər iştirakçıya 60 sualdan ibarət fərdi test variantı təqdim olunacaq. İxtisas, tədris proqramları, tədris metodikası və etik davranış qaydalarını əhatə edən sualların cavablandırılması üçün 120 dəqiqə ayrılacaq.
Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv və cavabsız suallar toplanan balı azaltmayacaq. Nəticələr imtahan başa çatdıqdan dərhal sonra elan ediləcək. Azı 30 bal toplayan təhsilverənlər müsahibə mərhələsinə buraxılacaqlar.
Qeyd edilib ki, sertifikatlaşdırma Nazirlər Kabinetinin 21 iyul 2026-cı il tarixli 227 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun aparılır. Test və müsahibə mərhələlərindən ibarət proses təhsilverənlərin peşəkarlıq səviyyəsinin və pedaqoji fəaliyyətə yararlılığının qiymətləndirilməsi məqsədi daşıyır.
Mənbə: Xəzər Xəbər · 27.11.2026, 20:00 · orijinal məqalə