Husilər hücum etdi, neft bahalaşdı

· 1 mənbə

Cümə günü “Brent” markalı neftin qiyməti bir barel üçün 97 dolları ötüb. Bu, son dörd həftə ərzində ilk dəfə həftəlik qiymət artımının qeydə alınacağına dair gözləntiləri gücləndirib.

Publika.az xəbər verir ki, bu barədə “Trading Economics”in məlumatlarında bildirilir.

“Brent” markalı neftin qiyməti 1,04 faiz artaraq 97,39 dollara, “WTI” markalı neftin qiyməti isə 1,41 faiz yüksələrək 86,13 dollara çatıb.

Qiymət artımının səbəbi kimi Yaxın Şərqdə enerji obyektlərinə və tankerlərə hücumların intensivləşməsi göstərilir.

Cümə axşamı İranın dəstəklədiyi Yəmən husiləri Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilində yerləşən “Cazan” neft emalı zavoduna, çərşənbə günü isə Fars körfəzindəki “Ras-Tənura” neft terminalına hücum ediblər.

Bundan əlavə, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin məlumatına görə, çərşənbə günü Hörmüz boğazında tankerə də hücum edilib. Bu hadisə İranın bir neçə gəminin bu həftə minalara düşərək partlaması ilə bağlı təsdiqlənməmiş məlumatları fonunda baş verib.

Bildirilib ki, son bahalaşmaya baxmayaraq, neftin qiyməti bu ay ərzində təxminən 20 faiz ucuzlaşıb. Fars körfəzindən neft tədarükünün tədricən bərpa olunması və Beynəlxalq Enerji Agentliyinin (IEA) dördüncü rüb üçün təklif artıqlığı proqnozu qiymətlərə təzyiq göstərməkdə davam edir.

Bazar iştirakçılarının diqqəti həmçinin bazar günü keçiriləcək OPEC+ görüşünə yönəlib. Gözləntilərə görə, təşkilatın üzvləri 2027-ci il üçün neft tədarükü strategiyasını müzakirə edəcəklər.

Mənbə: Publika.az · 27.11.2026, 13:49 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az Husilər hücum etdi, neft bahalaşdı

Publika.az saytında oxu