İndoneziya ASEAN bazarını Azərbaycanla ticarətin genişləndirilməsi üçün imkan kimi nəzərdən keçirir
· 1 mənbə
Bakı.Trend:
İndoneziya ilə əməkdaşlıq Azərbaycan sahibkarları üçün ümumi əhalisi təxminən 700 milyon nəfər olan Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) bazarına çıxış baxımından əlavə imkanlar yarada bilər.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu çərşənbə axşamı Bakıda keçirilən İndoneziya Biznes Forumunda İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi bildirib.
“İndoneziyanın əhalisi təxminən 300 milyon nəfərdir. Bundan əlavə, ölkə təxminən 700 milyon nəfəri birləşdirən ASEAN-ın üzvüdür. Beləliklə, İndoneziya vasitəsilə 700 milyon nəfərlik əhalisi olan bazara çıxış əldə etmək mümkündür”, - deyə o qeyd edib.
Səfirin sözlərinə görə, ASEAN əhalisinin təxminən yarısı İndoneziyanın payına düşür ki, bu da ölkənin daxili bazarını regional iqtisadi əməkdaşlığın mühüm elementinə çevirir.
O, həmçinin İndoneziya hökumətinin biznesə dəstək tədbirlərinə diqqət çəkib.
“İndoneziya hökuməti həm ticarət şirkətlərinə, həm də investorlara sahibkarlıq fəaliyyətinin bütün iştirakçıları üçün güzəştlər, müxtəlif imkanlar və stimullar təqdim edir. Bunun sayəsində işgüzar əməkdaşlıq daha sadə və səmərəli olur”, - deyə Helmi bildirib.
Azərbaycanla mümkün ticarət istiqamətlərindən danışan səfir palma yağı, qəhvə, kakao, ədviyyatlar, kauçuk, vanil, mixək, darçın və muskat qozunun adını çəkib. Onun sözlərinə görə, İndoneziya həmçinin krevet və tuna balığı da daxil olmaqla dəniz məhsulları, eləcə də onların emalından əldə olunan məhsullar istehsal edir. Ölkədə istehsal olunan digər məhsullar sırasında tekstil, geyim, ayaqqabı, ağac və rotanqdan hazırlanmış mebel, qablaşdırma materialları və istehlak malları da var.
“Bundan əlavə, İndoneziyada tikinti sektoru üçün ağır texnika, elektronika, məişət texnikası, əczaçılıq məhsulları, tibbi avadanlıqlar, kimya məhsulları və plastik məmulatlar istehsal olunur”, - deyə o bildirib.
Səfir yüksək əlavə dəyərə malik məhsullar sırasında kosmetika, moda məhsulları və yüksək emal səviyyəsinə malik ərzaq məhsullarını da qeyd edib.
Mənbə: Trend · 24.11.2026, 12:36 · orijinal məqalə