İran TRIPP əndişəsi - sərhədin o tayında hər şey dəyişir
· 1 mənbə
Cənubi Qafqazda yeni nəqliyyat xəritəsi formalaşır. Naxçıvanla digər bölgələrimizi Ermənistan ərazisindən birləşdirməsi nəzərdə tutulan TRIPP layihəsi siyasi bəyanatlar mərhələsindən texniki hazırlıq və icra mərhələsinə keçir. ABŞ-ın prosesdə əsas iştirakçılardan birinə çevrilməsi İranın əndişəsini artırır. Tehran layihənin iqtisadi tərəfini qəbul etdiyini desə də, onun təhlükəsizlik və geosiyasi nəticələrinə dair açıq xəbərdarlıqlarını davam etdirir.
İranın xarici siyasət idarəsinin sözçüsü İsmayıl Bəqayi noyabrın 23-də keçirdiyi mətbuat konfransında Tehranın mövqeyini bir daha açıqlayıb. O bildirib ki, İran Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasını və iqtisadi münasibətlərin inkişafını dəstəkləyir. Sözçü onu da qeyd edib ki, bu layihə regionun geosiyasi mənzərəsini dəyişməməli, qonşu ölkələrin maraqlarına zərər vurmamalı və üçüncü tərəflərin regional təhlükəsizliyə müdaxiləsinə şərait yaratmamalıdır.
Bəqayinin açıqlamasında diqqətçəkən başqa məqam da var. İran rəsmisi TRIPP məsələsinin yalnız Xarici İşlər Nazirliyinin səlahiyyətləri çərçivəsində olmadığını, ölkənin bütün aidiyyəti dövlət qurumlarının prosesi izlədiyini bildirib. O, Ermənistanın Tehrana lazımi təminatlar verdiyini desə də, İranın yalnız bu təminatlarla kifayətlənməyəcəyini və layihənin icrasını yaxından izləyəcəyini xüsusi qeyd edib.
Əslində bu bəyanat Tehranın mövqeyindəki əsas fərqi üzə çıxarır. Görünən odur ki, İran nəqliyyat xətlərinin açılmasından daha çox, həmin xətlərin hansı siyasi və təhlükəsizlik mexanizmi ilə idarə olunacağına etiraz edir.
TRIPP-in coğrafi mövqeyi İranın narahatlığını anlamaq üçün əsas açardır. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı Ermənistanın cənubundakı Zəngəzur vilayəti üzərindən birləşdirməyi nəzərdə tutur. Bu ərazi İran-Ermənistan sərhədinə yaxın yerləşir. İranla Ermənistan arasındakı sərhədin uzunluğu təxminən 44 kilometrdir və bu, İranın ən qısa quru sərhədlərindən biridir. Uzunluğun az olması həmin sərhədin strateji əhəmiyyətini azaltmır. Ermənistan İran üçün Cənubi Qafqaza, oradan isə daha geniş Avrasiya nəqliyyat şəbəkəsinə çıxış imkanlarından biridir. Araz çayı boyunca yerləşən sərhəd iki ölkə arasındakı ticarət və daşımaların əsas istiqamətlərindəndir.
TRIPP-in reallaşması İranın bu coğrafiyadakı mövcud tranzit roluna təsir edə bilər. İndiyədək Azərbaycanın digər bölgələri ilə Naxçıvan arasında quru əlaqəsinin təmin edilməsində İran ərazisindən istifadə mühüm alternativlərdən biri olub. Ermənistan ərazisindən yeni və birbaşa nəqliyyat xəttinin açılması isə marşrut seçimlərini dəyişə, daşımaların istiqamətini və iqtisadi gəlirlərin bölüşdürülməsini yenidən formalaşdıra bilər.
Deməli, Tehran üçün məsələ İranın regiondakı tranzit imkanlarının, iqtisadi təsir vasitələrinin və geosiyasi mövqeyinin gələcəkdə necə dəyişəcəyindən gedir. Noyabrın əvvəlində yayımlanan təhlillərdə də İranın narahatlığının bu istiqamətləri xüsusi vurğulanırdı. İran-Ermənistan sərhədinin məhdud coğrafi ölçüsünə baxmayaraq, onun Tehran üçün şimal istiqamətində əhəmiyyətli əlaqə xətti olduğu qeyd edilirdi. Həmin təhlillərdə 2026-cı ilin ilk iki ayında iki ölkə arasında ticarət dövriyyəsinin təxminən 104,8 milyon dollar təşkil etdiyi və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 faiz artdığı göstərilirdi.
Tehranın etirazlarının ikinci əsas səbəbi TRIPP-in idarəetmə modelidir. Ermənistan və ABŞ arasında 2026-cı il yanvarın 14-də açıqlanan icra çərçivəsinə əsasən, layihənin inkişafı üçün birgə şirkət yaradılması nəzərdə tutulur. Sənəddə ABŞ tərəfinin şirkətdə 74 faiz, Ermənistanın isə 26 faiz paya sahib olması planlaşdırılır. İlkin inkişaf hüquqlarının müddəti 49 il müəyyən edilir. Müddətin qarşılıqlı razılıqla daha 50 il uzadılması halında Ermənistanın payının 49 faizə çatdırılması nəzərdə tutulur. Söhbət İran sərhədinə yaxın ərazidə həyata keçiriləcək böyük nəqliyyat və infrastruktur layihəsində ABŞ-ın əsas korporativ iştirakçıya çevrilməsindən gedirsə, eyni zamanda ortada belə rəqəmlər varsa, bunlar İranın diqqətindən kənarda qala bilməz. Hiss olunur ki, İranın narahatlığı yalnız hüquqi suverenlik məsələsi ilə məhdudlaşmır. Tehran üçün əsas suallardan biri də layihənin gündəlik idarə edilməsində, texniki xidmətində, təhlükəsizlik infrastrukturunda və uzunmüddətli fəaliyyətində ABŞ-ın hansı səviyyədə iştirak edəcəyidir. Başqa sözlə, Ermənistan ərazisində dövlət suverenliyinin saxlanılması ilə həmin ərazidə ABŞ-ın iqtisadi və institusional təsirinin artması kimi iki prosesin mümkün nəticələrini İran hesablayır.
Noyabrın 9-da İran Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistanın Tehrana bir sıra təminatlar verdiyini açıqlamışdı. Həmin açıqlamaya görə, Ermənistan tərəfi TRIPP-in sərhədlərin və regionun geosiyasi mənzərəsinin dəyişməsinə səbəb olmayacağını, tikinti işlərinin Ermənistan şirkətləri tərəfindən həyata keçiriləcəyini və ərazidə ABŞ hərbçilərinin yerləşdirilməyəcəyini bildirmişdi. Noyabrın 23-də Bəqayinin yeni açıqlaması isə göstərdi ki, bu təminatlar İranın müşahidə və nəzarət ehtiyacını aradan qaldırmayıb. Tehran Ermənistanla münasibətlərinə güvəndiyini bildirsə də, layihədə iştirak edəcək üçüncü tərəflərə eyni etimadı göstərmədiyini açıq şəkildə ifadə edib.
TRIPP-in geosiyasi əhəmiyyətini artıran əsas məqamlardan biri ABŞ-ın Cənubi Qafqazda daha fəal iştirakıdır. Vaşinqton layihəni Transxəzər marşrutu ilə Avropanı birləşdirə biləcək daha geniş iqtisadi və logistika xəttinin tərkib hissəsi kimi təqdim edir.
Noyabrın 7-də ABŞ, Azərbaycan və Ermənistan arasında TRIPP üzrə üçtərəfli texniki planlaşdırma qruplarının yaradılması barədə birgə bəyanat yayımlandı. İlk iki qrupun nəqliyyat və elektrik enerjisinin ötürülməsi məsələləri üzrə fəaliyyət göstərməsi razılaşdırıldı. Bu, layihənin artıq siyasi razılaşmadan texniki məsələlərin işlənməsi mərhələsinə keçdiyini göstərən konkret addımdır. Noyabrın 23-də isə Ermənistanın baş naziri Nikol Paşinyan TRIPP-in hazırlıq mərhələsinin başladığını elan etdi. ABŞ Prezidenti Donald Tramp da bununla bağlı videomüraciət yaydı.
Beləliklə, görünən odur ki, İranın narahatlığı tək hipotetik layihəyə yönəlməyib. Vaşinqtonun siyasi dəstəyi, üç ölkənin texniki qrupları və Ermənistan hökumətinin hazırlıq addımları prosesə konkret məzmun qazandırır.
İran üçün ABŞ-ın bu ərazidə hərbi mövcudluğunun yaranması ayrıca təhlükəsizlik məsələsidir. Bəqayinin sərhəd yaxınlığında hər hansı hərbi və təhlükəsizlik qüvvələrinin yerləşdirilməsini qəbuledilməz sayması da təsadüfi sayıla bilməz. Tehran layihənin iqtisadi iştirakçısı ilə təhlükəsizlik təminatçısı arasında fərq qoyur və ikinci istiqamətdə ABŞ-ın rolunun genişlənməsini istəmir.
TRIPP ətrafında yaranan müzakirələrdə İran və Rusiyanın mövqelərini gəlincə, hər iki ölkə ABŞ-ın Cənubi Qafqazda rolunun artmasına ehtiyatla yanaşır. Lakin onların maraqları və narahatlıqlarının coğrafiyası tam üst-üstə düşmür. Rusiya üçün Ermənistan üzərindəki ənənəvi siyasi, iqtisadi və təhlükəsizlik təsirinin zəifləməsi, eləcə də regional nəqliyyat layihələrində əvvəlki rolunu itirməsi əhəmiyyətli məsələdir. İran üçün isə əsas həssaslıq şimal sərhədlərinin təhlükəsizliyi, Ermənistanla birbaşa əlaqəsinin qorunması və Araz boyunca formalaşmış tranzit imkanlarının gələcəyidir.
Noyabrın 23-dəki bəyanatdan çıxan əsas nəticə budur ki, Tehran TRIPP-in qarşısını almaq barədə yeni ultimatum səsləndirməyib, lakin layihənin icrasına şərtsiz razılıq da verməyib. İran iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılmasını dəstəklədiyini bildirir, eyni zamanda ABŞ-ın mümkün təhlükəsizlik roluna qarşı qırmızı xətlərini qoruyur.
Bu mövqenin praktik nəticələri bir neçə istiqamətdə görünə bilər. Əvvəla, İran Ermənistanla siyasi və diplomatik təmasları intensivləşdirərək layihənin təhlükəsizlik mexanizmləri barədə əlavə təminatlar almağa çalışacaq. Digər tərəfdən, Tehran layihənin real icrasını, xüsusilə sərhəd yaxınlığında infrastrukturun idarə edilməsini və təhlükəsizlik tədbirlərini izləyəcək. Üçüncüsü, İran özünün alternativ nəqliyyat marşrutlarını və Azərbaycanla Araz boyunca əməkdaşlıq imkanlarını gündəmdə saxlaya bilər.
Ancaq bu mərhələdə İranın layihəyə qarşı konkret hansı əlavə tədbirlərə əl atacağını qəti şəkildə söyləmək indidən çətin olardı. Bunun üçün Tehran tərəfindən veriləcək növbəti rəsmi qərarlar və TRIPP-in icra sənədləri izlənilməlidir. Nəticə etibarilə, hiss olunur ki, TRIPP ətrafında mübahisənin mərkəzində bir yolun haradan keçməsindən daha çox, həmin yolun hansı siyasi və iqtisadi sistemə bağlanması dayanır. Ermənistan öz ərazisində suverenliyini qorumaq, ABŞ regional təsirini və iqtisadi iştirakını genişləndirmək, Azərbaycan öz ərazisi ilə maneəsiz bağlantı əldə etmək, İran isə şimal sərhədlərində təhlükəsizlik və tranzit mövqeyini itirməmək istəyir.
Bu maraqların hamısının eyni layihədə necə uzlaşdırılacağı hələ açıq sualdır. TRIPP-in gələcəyini də məhz bu məqamlar müəyyənləşdirəcək.
Elnur ƏMİROV
Mənbə: Modern.az · 24.11.2026, 11:14 · orijinal məqalə