İran və İsrailin gizli oyunu: Düşmənçilik, yoxsa ortaq maraqlar?

· 1 mənbə

ABŞ, İsrail və İran arasında son günlər hərbi qarşıdurmanın intensivliyinin azalması regionda müharibənin gələcəyi ilə bağlı sualları yenidən gündəmə gətirib. Tərəflər arasında hərbi əməliyyatların səngiməsinə baxmayaraq, siyasi və strateji ziddiyyətlərin qalması əldə oluna biləcək razılaşmanın perspektivlərini şübhə altına alır.

Mövcud vəziyyət münaqişənin sona yaxınlaşdığından xəbər verir, yoxsa bu, daha genişmiqyaslı qarşıdurmadan əvvəl müvəqqəti sakitlikdir?

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən güney azərbaycanlı araşdırmaçı-yazar, siyasi şərhçi Məhəmməd Rəhmanifər bildirdi ki, İran və İsrail arasındakı düşmənçilik fundamental qarşıdurma kimi qiymətləndirilməməlidir.

Onun sözlərinə görə, tərəflər arasında uzun illərdir davam edən gərginlik müəyyən mənada hər iki ölkənin siyasi maraqlarına xidmət edib:

“Mənim bu məsələyə yanaşmam bir qədər fərqlidir. Bölgədə mövcudluq fəlsəfələri bir-birinə zidd olan ölkələr var. Məsələn, Azərbaycan və İran münasibətlərində bunu açıq şəkildə görmək mümkündür. İran Azərbaycanın mövcudluğunu özünə ciddi təhdid kimi qəbul edir. Bu yanaşma təkcə rəsmi dairələrin deyil, ayrı-ayrı siyasətçilərin və ictimai xadimlərin çıxışlarında da özünü göstərir. Bunun əsas səbəblərindən biri İran ərazisində yaşayan çoxsaylı azərbaycanlı əhalidir. İran və İsrail münasibətlərinə gəldikdə isə mənzərə bir qədər fərqlidir. Hesab edirəm ki, hər iki ölkənin mövcudluğu müəyyən mənada digərinin siyasi ritorikasını və regional mövqeyini gücləndirib.

İran İslam Respublikası kimi formalaşdığı gündən İsraili məhv etmək, onun mövcudluğuna son qoymaq barədə bəyanatlar səsləndirib. İlk baxışdan bu, İranın İsrail üçün ən ciddi təhlükə olduğunu göstərir. Lakin digər tərəfdən, Tehran tərəfindən səsləndirilən təhdidlər İsrailə beynəlxalq arenada özünü təhlükə altında olan dövlət kimi təqdim etmək imkanı verib. Təl-Əviv bu amildən Fələstin siyasətini və regiondakı hərbi əməliyyatlarını əsaslandırmaq üçün istifadə edib. Məsələn, Mahmud Əhmədinejadın prezidentliyi dövründə İsrailə qarşı son dərəcə sərt bəyanatlar səsləndirilirdi. Həmin vaxt İsrailin keçmiş prezidentlərindən biri Əhmədinejadın fəaliyyəti ilə bağlı maraqlı fikir bildirmiş, onun İsrailə bir ordudan daha çox xidmət etdiyini söyləmişdi. Bu da onu göstərir ki, tərəflər arasında açıq düşmənçilik ritorikası bəzən qarşılıqlı siyasi maraqlara uyğun nəticələr doğura bilir”.

Məhəmməd Rəhmanifər qeyd etdi ki, İran və İsrail arasındakı münasibətlərin mahiyyətini anlamaq üçün onların qarşılıqlı düşmənçilik görüntüsünün arxasında dayanan regional maraqlara və tarixi proseslərə də nəzər salmaq lazımdır:

“2000-ci illərin sonu və sonrakı dövrdə baş verən proseslər, xüsusilə 7 oktyabr hadisələri də bu kontekstdə müzakirə olunmalıdır. Qənaətimə görə, həmin hadisələrdə İranın rolunu nəzərə almadan vəziyyəti düzgün qiymətləndirmək mümkün deyil. Bununla yanaşı, İsrailin hadisələrdən əvvəlki təhlükəsizlik sistemi və Qəzza sərhədindəki ciddi müşahidə imkanları fonunda Təl-Əvivin baş verənlərdən tamamilə xəbərsiz olması ilə bağlı ciddi suallar yaranır. Hesab edirəm ki, İsrail bu hadisələrdən sonrakı proseslərdə öz siyasi və hərbi məqsədlərini reallaşdırmaq üçün istifadə etdi. Nəticədə Qəzzada genişmiqyaslı əməliyyatlar həyata keçirildi, Livanda “Hizbullah”ın mövqelərinə ciddi zərbələr endirildi və İsrail regionda hərbi fəaliyyət dairəsini genişləndirdi. Bütün bunlar beynəlxalq ictimaiyyətə əsasən öz təhlükəsizliyinin təhdid altında olması arqumenti ilə izah edildi.

Bu baxımdan İranın siyasəti təkcə İsrailə deyil, ABŞ-ın da regional maraqlarına müəyyən mənada xidmət edib. Vaşinqton uzun illər İran təhlükəsini ərəb ölkələri ilə münasibətlərində əsas arqumentlərdən biri kimi təqdim edib. Bu amil ABŞ-ın həmin ölkələrdə hərbi mövcudluğunu, bazalarını və silah satışını əsaslandıran faktorlardan biri olub. Halbuki İranın İsraillə münasibətləri tarixən yalnız düşmənçilikdən ibarət olmayıb. İran-İraq müharibəsi dövründə İsraillə silah əməkdaşlığı və sonradan üzə çıxan müxtəlif əlaqələr bunu təsdiqləyən tarixi nümunələrdir”.

Son dövrdə regional və geosiyasi reallıqların dəyişməsi İran rejiminin ABŞ və İsrail üçün əvvəlki strateji əhəmiyyətini itirib-itirmədiyi sualını da gündəmə gətirir. Məhəmməd Rəhmanifər məhz bu məsələyə də aydınlıq gətirdi:

“Son illər ABŞ və İsraildə İran rejiminin artıq əvvəlki kimi faydalı olmadığı, əksinə, regional maraqlar üçün ciddi problemə çevrildiyi qənaəti formalaşıb. Bu səbəbdən rejimin dəyişdirilməsi istiqamətində daha ciddi addımlar atılması gündəmə gəlib. Ancaq mövcud müharibə göstərdi ki, İranı hərbi və siyasi baxımdan zəiflətmək onun hakimiyyət strukturunu aradan qaldırmaqla eyni deyil. Ölkə ciddi dağıntılar və itkilərlə üzləşsə də, SEPAH hakimiyyəti öz mövcudluğunu qoruyub saxlaya bildi. Buna görə də baş verənləri İranın qələbəsi kimi qiymətləndirmək doğru olmaz. Sadəcə, rejim özünü qorumağa nail oldu. Düşünürəm ki, qarşıdakı dövrdə də tərəflər arasında bu xarakterli münasibətlər davam edə bilər. Yəni vaxtaşırı sərt bəyanatlar, qarşılıqlı təhdidlər və məhdudmiqyaslı hərbi toqquşmalar yaşana bilər, lakin tərəflər bir-birini tamamilə aradan qaldırmağa yönəlmiş müharibəni davam etdirməyəcək.

Digər tərəfdən, bu müharibənin ərəb ölkələrinin ABŞ-a münasibətinə təsiri də diqqət çəkir. Region dövlətləri artıq Vaşinqtonun təhlükəsizlik təminatlarına əvvəlki qədər güvənməyə bilər və alternativ əməkdaşlıq imkanları axtarırlar. Pakistan, Türkiyə və digər potensial tərəfdaşlarla münasibətlərin gücləndirilməsi bu baxımdan əhəmiyyətlidir. Bu proses gələcəkdə ABŞ və İsrailin İranla bağlı strategiyasına da təsir göstərə bilər. Çünki İranın regional siyasətindən əldə edilən faydanın azalması tərəfləri yeni qərarlar qəbul etməyə sövq edə bilər. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, İran indiyədək özünü ABŞ və İsrailin açıq düşməni kimi təqdim etsə də, müəyyən mənada hər iki ölkənin regional maraqlarına xidmət edən amillərdən birinə çevrilib. Xüsusilə İsrail İranın yaratdığı təhlükə fonunda öz hərbi və siyasi addımlarını əsaslandırmaq üçün uzun illər əlverişli arqument əldə edib. Buna görə də tərəflər arasındakı münasibətləri yalnız açıq düşmənçilik və qarşıdurma çərçivəsində qiymətləndirmək düzgün olmaz”.

Müəllif: Roza Şəfiyeva

Mənbə: Publika.az · 25.11.2026, 17:18 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu