İran Xəzərdə neft və qaz sektorunu inkişaf etdirməyi planlaşdırır

· 1 mənbə

Bakı. Trend:

İranın Neft Nazirliyi və Milli Neft Şirkəti Xəzər dənizində dayazsulu bloklara fokuslanmaqla ölkənin şimalında neft-qaz sektorunu inkişaf etdirməyi planlaşdırır.

İranın Xəzər Neft Şirkətinin məlumatına görə, bu, cümə (27 noyabr) İran parlamentinin Plan, Büdcə və Hesablama Komitəsi üzvləri ilə Xəzər Neft Şirkətinin rəhbər şəxsləri arasında keçirilən iclasda araşdırılıb.

İclasda ölkənin şimalında neft və qaz kəşfi, inkişafı və hasilatı ilə əlaqədar qısa, orta və uzunmüddətli addımlar diqqət mərkəzində saxlanılıb.

“Ölkənin şimalında neft və qaz hasilatının inkişaf etdirilməsi məqsədilə Neft Nazirliyinin və İran Milli Neft Şirkətinin proqramlarının icrası üçün regional dəstək infrastrukturu ilə yaxından tanış olmaq, İslam Şurası Məclisinin qanunvericilik imkanlarından, eləcə də ölkənin 2029-cu ilə qədər inkişaf proqramı qanununun müddəalarından yararlanma imkanlarının qiymətləndirilməsi əsas müzakirə mövzuları olub”, - deyə məlumatda qeyd olunub.

Xəzər Neft Şirkəti bildirir ki, sözügedən iclası ölkədə enerji infrastrukturunun şaxələndirilməsinə və coğrafi baxımdan daha balanslı yerləşdirilməsinə dəstək istiqamətində mühüm addım kimi qiymətləndirmək olar. Xüsusilə ölkədə qaz çatışmazlığının aradan qaldırılması və ölkənin şimalında qazpaylama şəbəkəsinin son hissəsində ötürmə məhdudiyyətlərinin aradan qaldırılması baxımından bu təşəbbüs əhəmiyyət kəsb edir.

Qeyd edək ki, İranın Milli Neft Şirkətinin rəhbəri Fərrox Əlixani 13 noyabrda bildirib ki, Xəzər dənizində neft-qaz kəşfi və hasilatın inkişaf etdirilməsinin sürətləndirilməsi məqsədilə əməliyyat yol xəritəsinin tənzimlənməsi prosesi diqqət mərkəzindədir.

Əlavə edək ki, İranın Xəzər Neft Şirkətinin icra direktoru Məhəmməd Hüseyn Daneşfər bir müddət öncə bildirib ki, Xəzər dənizinin 13-cü bloku və Gülüstan vilayətinin qərbində bir neçə kəşf mexanizminin müəyyənləşməsi ilə seysmik ölçmələr başa çatıb. Gələn İran ilində (21 mart 2027 -19 mart 2028) bu zonada 1 kəşfiyyat quyusunun qazılması şirkətin gündəminə salınıb.

Mənbə: Trend · 27.11.2026, 16:11 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu