“Abşeron” bloku üzrə yenilənmiş saziş təsdiqlənib
· 1 mənbə
Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında yenilənmiş saziş təsdiqlənib.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.
Qanuna əsasən, 2026-cı il sentyabrın 26-da Bakıda SOCAR ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında imzalanmış yeni redaksiyada saziş və ona edilmiş 12 əlavə təsdiqlənib, həyata keçirilməsinə icazə verilib.
Sazişin 2009-cu ildə imzalanmış ilkin redaksiyası üzrə Azərbaycan hökumətinin verdiyi təminat və öhdəliklər qüvvədə qalacaq.
Qanun qüvvəyə mindikdən sonra podratçı tərəflərə kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq veriləcək. Onların saziş üzrə əldə etdikləri hüquq və mənafelər qabaqcadan razılıqları olmadan dəyişdirilə və ya məhdudlaşdırıla bilməyəcək.
Sazişdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün iştirakçılara bütün zəruri lisenziyalar, gömrük icazələri, vizalar və digər icazələr veriləcək.
Sazişə və əlavələrə dəyişikliklər yalnız tərəflərin yazılı razılığı əsasında edilə biləcək.
Mənbə: Modern.az · 27.11.2026, 16:28 · orijinal məqalə