IRU Orta Dəhlizdə rəqəmsal sistemlərin uyğunlaşdırılmasına çağırıb
· 1 mənbə
Bakı. Trend:
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılması üçün infrastrukturla yanaşı, sərhəd prosedurlarının sadələşdirilməsinin, rəqəmsal sistemlərin uyğunlaşdırılmasının və ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
IRU-nun məlumatına görə, təşkilatın prezidenti Radu Dinesku bu fikirləri Türkmənistanın Aşqabad şəhərində keçirilən Beynəlxalq Nəqliyyat və Tranzit Dəhlizləri Konfransında (ITTC) səsləndirib. Ümumdünya Dayanıqlı Nəqliyyat Günü münasibətilə, TurkmenTEL 2026 tədbiri çərçivəsində təşkil olunan konfransda nəqliyyat və telekommunikasiya sahələrinin nümayəndələri beynəlxalq bağlantıların gücləndirilməsi və ticarət dəhlizlərinin dayanıqlılığının artırılması məsələlərini müzakirə ediblər.
Radu Dinesku bildirib ki, səmərəli nəqliyyat əlaqələri yalnız fiziki infrastrukturun qurulmasından asılı deyil. Onun sözlərinə görə, infrastrukturun effektiv işləməsi üçün operatorlar, istifadəçilər və tənzimləyici qurumlar arasında uyğunlaşdırılmış sistem və qaydalar da vacibdir.
IRU prezidentinin diqqət çəkdiyi əsas problemlərdən biri sərhəd-keçid məntəqələrində vaxt itkisidir. Bildirilib ki, yük avtomobilləri tranzit müddətinin 60 faizədək hissəsini sərhədlərdə keçirə bilər. Bu isə müasir texnologiyaların və logistika həllərinin səmərəliliyini azaldır.
"Müasir müştərilər artıq yalnız yükün qapıdan-qapıya çatdırılmasını deyil, həm də onun hərəkətinin onlayn izlənilməsini, yükün vəziyyəti və təhlükəsizlik göstəriciləri barədə məlumatları, eləcə də dəqiq çatdırılma vaxtını gözləyirlər. Bu səbəbdən nəqliyyatda süni intellekt, avtomatlaşdırma və rəqəmsal simulyasiya texnologiyalarından istifadə getdikcə genişlənir", - R. Dinesku bildirib.
O vurğulayıb ki, məlumatların rəqəmsallaşdırılması kifayət deyil, müxtəlif ölkələrin sistemləri də bir-biri ilə uyğun işləməlidir. Bu, sərhədlərdə sənədlərin təkrar təqdim edilməsi zərurətini və inzibati maneələri azaltmağa imkan verəcək.
Bu istiqamətdə eTIR və eCMR kimi beynəlxalq rəqəmsal alətlərin əhəmiyyəti qeyd olunub. IRU-nun məlumatına görə, cari ildə eTIR əməliyyatları Xəzər dənizi vasitəsilə Azərbaycan, Türkmənistan və Özbəkistanı birləşdirib. Pilot layihələrdən biri 1 200 kilometrdən çox məsafəni əhatə edərək Türkmənistanın Türkmənbaşı limanı və Türkmənistan-Özbəkistan sərhədindəki Farap keçidi vasitəsilə dəniz və avtomobil nəqliyyatını birləşdirib.
IRU hesab edir ki, bu təcrübə Orta Dəhlizin gücləndirilməsinə, Cənubi Qafqazla Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafına töhfə verə bilər. Bu prosesdə Türkmənistan strateji mövqeyə malikdir.
Konfrans çərçivəsində IRU nümayəndələri Türkmənistanın avtomobil nəqliyyatı naziri Begenç Annadurdiyev ilə də görüşüblər. Görüşdə eTIR sisteminin tətbiqində əldə olunan irəliləyiş, Türkmənistanın yeni elektron viza sisteminin peşəkar sürücülərə də şamil edilməsi, həmçinin sürücü və menecerlərin təlimi müzakirə olunub.
IRU Türkmənistanı təhlükəli yüklərin beynəlxalq avtomobil daşımalarına dair BMT-nin ADR Sazişinə qoşulmağa, müvafiq prosedurların tətbiqini sürətləndirməyə və rəqəmsal taxoqraf kartlarının verilməsinə başlamağa çağırıb.
Mənbə: Trend · 28.11.2026, 11:47 · orijinal məqalə