İtaliya Ukraynaya 20-yə yaxın “Eurofighter” qırıcısı verə bilər

· 1 mənbə

Bakı. Trend:

İtaliya Ukraynaya 10-20 ədəd “Eurofighter” qırıcı təyyarəsinin tədarükü ilə bağlı Kiyevlə danışıqlar aparır.

Bu barədə “La Repubblica” qəzeti yazır.

Nəşrin məlumatına görə, Ukraynanın Liviyanın ərazi sularında keçirdiyi son hərbi əməliyyat İtaliya hakimiyyətini ciddi narahat etsə də, bu, Romanın ümumi mövqeyini dəyişməyib. Belə ki, İtaliya hökuməti yenicə təsdiqlənmiş son hərbi yardım paketini geri götürmək niyyətində deyil.

Qəzet yazır ki, İtaliya hökuməti Ukraynaya 10-20 ədəd “Eurofighter” qırıcı təyyarəsinin tədarükü ilə bağlı artıq aparılan danışıqları dayandırmağı da nəzərdən keçirmir.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) məlumatına görə, noyabrın 22-də Benqazi limanı yaxınlığında keçirilən əməliyyat zamanı Ukrayna qüvvələri Rusiyanın Qara dəniz donanmasına məxsus “Merkuri” korvetini və Rusiya hərbi texnikasının daşınmasında istifadə olunduğu bildirilən “MV Angara” quru yük gəmisini hədəf alıb. Ukrayna tərəfi əməliyyatın məqsədinin Rusiyanın hərbi-logistika imkanlarını zəiflətmək olduğunu bildirib. Ukraynanın xarici işlər naziri Andrey Sibiha hücumu BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququ ilə əsaslandıraraq əməliyyatın Liviyaya və onun əhalisinə qarşı yönəlmədiyini vurğulayıb.

Mənbə: Trend · 25.11.2026, 16:36 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu